MƏDƏNİYYƏT
Milli Qəhrəmanın xatirəsi yad edilib
Bakı, 1 oktyabr, Z.Mansurova, AZƏRTAC
Bakıdakı şəhid Mirələkbər İbrahimov adına 153 nömrəli orta məktəbdə Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə “Torpaq uğrunda ölən varsa Vətəndir!” layihəsi çərçivəsində tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir Mirələkbər İbrahimova həsr olunub. Əvvəlcə tədbir iştirakçıları Milli Qəhrəmanın məktəbin önündəki abidəsi üzərinə tər çiçəklər düzüblər.
Sonra tədbir məktəbin akt zalında davam etdirilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış milli qəhrəmanların həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş olunub.
Məktəbin direktoru Təranə Paşayeva, direktor müavini Mətanət Cəfərova, şəhidin oğlu Cavid İbrahimov və başqaları milli qəhrəmanların keçdikləri şərəfli döyüş yolundan danışıblar. Onların şərəfli həyat yolunun gənc və yeniyetmələrə örnək olduğu bildirilib.
Tədbir şagirdlərin ifasında milli qəhrəmanlara həsr edilmiş ədəbi-bədii kompozisiya ilə sona çatıb.