SİYASƏT


Milli Qurtuluş Günü Əbu-Dabidə qeyd edilib

Əbu-Dabi, 14 iyun, AZƏRTAC

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin və baş konsulluğunun birgə təşkilatçılığı ilə Əbu-Dabidə 15 İyun-Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib.

Səfir Daşqın Şikarov tədbirdə çıxış edərək Milli Qurtuluş Gününün ictimai-siyasi, tarixi əhəmiyyətindən danışıb. O vurğulayıb ki, ümummilli lider Heydər Əliyev həmin gün həyatı üçün mümkün təhlükələrə baxmayaraq, Azərbaycan xalqının çağırışlarına biganə qalmayaraq Naxçıvan Muxtar Respublikasından Bakıya gəldi və insanlarda sabaha inam yaratdı. Ulu Öndərin böyük qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini deyən səfir qədirbilən xalqımızın böyük xilaskarının xidmətlərini unutmadığını və hər il Milli Qurtuluş Gününü yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini bildirib.

Səfir ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən əvvəlki və sonrakı vəziyyətlər arasında paralellər apararaq xatırladıb ki, səriştəsiz insanların ucbatından qardaş qırğını astanasında olan ölkəmizdə məhz Ulu Öndərin şəxsiyyəti, özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi sayəsində tüğyan edən böhrana son qoyuldu, xalqımız azərbaycançılıq ideyası ətrafında birləşdi. Dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti respublikamızda müşahidə edilən xaosu, siyasi çəkişmələri, sosial-iqtisadi böhranı birdəfəlik kökündən kəsdi və Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafına şərait yarandı.

Səfir ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hazırkı qlobal tələblərə uyğun inkişaf etdirməsi sayəsində ölkəmizin hərtərəfli şəkildə qüdrətləndiyini vurğulayıb. Həmçinin dahi liderin ideyalarının Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən yaşadıldığı qeyd edilib, Fondun yerli və qlobal fəaliyyətinə nəzər salınıb.

Sonra çıxış edən baş konsul Pərviz İsmayılzadə ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məlumat verib. O, Heydər Əliyev kimi tarixin məcrasını dəyişməyə qadir olan dahilərin 100 ildən bir yetişdiyini qeyd edib.

Baş konsul xatırladıb ki, 1993-cü il iyunun 15-dək Azərbaycan xalqı hədsiz dərəcədə mənəvi və psixoloji sarsıntılar içində idi: bir tərəfdən hakimiyyət uğrunda daxili çəkişmə nəticəsində ərazisinin 20 faizinin işğalı, digər tərəfdən isə SSRİ-nin çöküşü səbəbindən yaranmış sosial-iqtisadi böhran. Uzun illərdir ki, azadlıq və istiqlaliyyət həsrəti ilə yaşayan vətəndaşlar bu iki tarixi neməti itirmək təhlükəsi ilə üzləşmişdi. Lakin hikmət sahibi olan xalqımız yaşanan xaos və hərc-mərclikdən qurtuluşunu yalnız və yalnız SSRİ dönəmində ölkəsinin inkişafını təmin edən və xalqına sədaqətini nümayiş etdirən Heydər Əliyevdə görərək Ümummilli Liderin hakimiyyətə qayıdışını israrla tələb etdi. P.İsmayılzadə dahi liderin zəkası və illərin təcrübəsi sayəsində ölkəmizdə misli görünməyən hərtərəfli tərəqqinin bünövrəsinin qoyulduğunu vurğulayaraq, bu bünövrənin Azərbaycan Prezidenti İlham Əliyevin zamana uyğun addımları nəticəsində daha da genişləndiyini diqqətə çatdırıb.

Baş konsul Heydər Əliyev Fondunun fəaliyyəti haqqında da danışıb.

Çıxışlardan sonra səfirliyin nəzdində fəaliyyət göstərən “Qarabağ inciləri” rəqs ansamblının üzvlərinə və bədii rəhbərinə xüsusi təşəkkürnamələr təqdim edilib.

Tədbir iftar süfrəsi arxasında davam edib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.