REGİONLAR
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
Balakən, 15 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra üzləşdiyi bütün çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə sinə gərərək xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas edib, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olub.
AZƏRTAC xəbər verir ki, bu fikir Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Balakəndə keçirilən toplantıda səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkına gələrək, dahi rəhbərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə 1993-cü ilin iyununda respublikamızda baş verən ictimai-siyasi proseslərə geniş nəzər salınıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdırmasının aradan qaldırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanıb. Diqqətə çatdırılıb ki, 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.
Bildirilib ki, Ulu Öndərin bizlərə ərmağan etdiyi müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, ölkəmiz gündən-günə çiçəklənir, dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.
Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib, mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya və konsert proqramı təqdim olunub.