CƏMİYYƏT
Milli Qurtuluş Günü böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasının “Heydər Əliyev məktəbi”nin lektoriyasında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, dahi rəhbərin əziz xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov bildirib ki, 15 iyun – Milli Qurtuluş Günü böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik gündür. 1993-cü il iyunun 15-i məhv olmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanın xilası günüdür. Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə xilaskar qayıdışı ilə ölkəni vətəndaş müharibəsi, parçalanmaq təhlükəsindən xilas etdi.
Qeyd edilib ki, müasir Azərbaycan dövlətinin qurucusu olan ümummilli liderimiz Heydər Əliyev bəşəriyyətin yetişdirdiyi nadir tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün mərhələlərində Azərbaycan xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yaşayıb. Özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma Vətənini düşünüb, onu üzləşdiyi çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərib. Azərbaycan xalqı xoşbəxtdir ki, Ulu Öndərin əsasını qoyduğu və ölkəmizin dinamik inkişaf istiqamətlərini müəyyən edən siyasi xətt bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Milli Məclisin deputatı Aydın Hüseynov ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının müstəqillik tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu vurğulayıb. O, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Liderin Azərbaycanı məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas etdiyini xatırladıb. Aydın Hüseynov Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin respublikamızın davamlı inkişafı naminə gördüyü işlərdən danışıb, yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın son illər əldə etdiyi tarixi nailiyyətləri diqqətə çatdırıb.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.