REGİONLAR
Milli Qurtuluş Günü münasibətilə Şıxməzid orta əsr abidəsində iməcilik təşkil olunub
Ağsu, 15 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Ağsuda yeni aşkar olunan Şıxməzid orta əsr abidəsində iməcilik təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, abidə yeni aşkarlandığı və yerli əhali tərəfindən bir o qədər də tanınmadığı üçün indiyədək bəzi problemlərlə qarşılaşmışdı. Son zamanlar aparılan maarifləndirmə işləri və dövlət qeydiyyatına alınması istiqamətində işlərin intensivləşməsi abidəyə qayğını artırıb.
MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli AZƏRTAC-ın müxbirinə müsahibəsində bu abidənin dünya əhəmiyyətli olduğunu, burada aşkar olunan səhəng örtüklü qəbirlərə indiyə qədər heç yerdə rast gəlinmədiyini bildirib. O deyib ki, Milli Qurtuluş Günü münasibətilə keçirilən bu iməcilik insanlarda, xüsusilə gənclərdə vətənpərvərlik hissini gücləndirir, onlarda tarixi abidələrimizə sahib çıxmağa həvəs yaradır.
İməcilik iştirakçıları arxeoloji abidənin ərazisini təmizlədikdən sonra mühafizə məqsədilə ətrafına qoruyucu məftillər çəkiblər. Gələcəkdə digər yerli tarixi abidələrdə də iməciliyin keçirilməsi planlaşdırılır. Yaxın günlərdə Şıxməzid abidəsini tanıdan göstəricilərin quraşdırılması da nəzərdə tutulub.