REGİONLAR


Milli Qurtuluş Günü ölkəmizin cənub bölgəsində bayram sevinci ilə qeyd edilib

Astara-Lənkəran-Lerik, 15 iyun, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəsində də Milli Qurtuluş Günü böyük təntənə ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbirinin iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad edib, onun şərəfli və mənalı ömür yolundan bəhs edən “Tarixin şanlı səhifələri” adlı filmə baxıblar.

Toplantıda çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon sakinlərini əlamətdar gün münasibətilə təbrik edib, dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin məhv olmaq təhlükəsindən qurtulduğunu, Azərbaycanda uğurlu gələcəyin təməlinin qoyulduğunu bildirib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilib, onun apardığı qətiyyətli, uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olub, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanıb. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi və fədakarlığı, şərəfli ömür yolu doğma xalqımız üçün Vətənə xidmət nümunəsinə çevrilib.

Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolunun bütün nəsillərə örnək olduğunu, onun adının xalqımızın mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini, xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayan Q.Ağayev bu gün böyük rəhbərin siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində doğma Azərbaycanımızın gündən-günə inkişaf etdiyini, dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrildiyini bildirib.

Diqqətə çatdırılıb ki, dünyada iqtisadi böhranın hökm sürdüyü bir dövrdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. İyunun 8-də Azərbaycan Prezidentinin Astara şəhərində park-bulvar kompleksinin genişləndirilməsi ilə bağlı imzaladığı Sərəncam dövlətimizin başçısının astaralılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Tədbirdə çıxış edənlər 24 il əvvəl ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən söhbət açaraq həmin dövrdə ölkəyə rəhbərlik edən AXC-Müsavat iqtidarının səriştəsizliyi, siyasi naşılığı nəticəsində müstəqilliyimizin itirilməsi, dövlətçiliyimizin məhv olması təhlükəsinin yarandığını qeyd edib, Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunduğunu diqqətə çatdırıblar.

* * *

Milli Qurtuluş Günü Lənkəranda da bayram sevinci ilə qeyd olunub.

Ümumrayon tədbirinin iştirakçıları əvvəlcə Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən ümumrayon toplantısında çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayon sakinlərini əlamətdar gün münasibətilə təbrik edib.

Milli Qurtuluş Gününün hər bir Azərbaycan vətəndaşının taleyində, yaddaşında əbədi həkk olan tarixi günlərdən biri olduğunu qeyd edən T.Qaraşov 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin gərgin səyi ilə ölkəmizdə daxili və xarici siyasət sahəsində qazanılan uğurlardan, iqtisadiyyatımızın dirçəldilməsindən, bütün sahələrdə aparılan uğurlu islahatlardan danışıb.

Ümummilli Liderin parlaq dühası ilə qurulmuş və Prezident İlham Əliyevin müdrik səyləri ilə sürətlə inkişaf edib gündən-günə qüdrətlənən müstəqil Azərbaycan dövlətinin hər bir ölkə vətəndaşı üçün qürur mənbəyi olduğunu vurğulayan icra başçısı Azərbaycanın bütün bölgələri kimi Lənkəranın da sürətlə inkişaf etdiyini, rayonun sosial-iqtisadi və mədəni həyatında köklü dəyişikliklərin, bütün sahələrdə inkişafın baş verdiyini və bu gün də bu inkişafın davam etdiyini bildirib.

Tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini Rəsilə Əliyevanın Milli Qurtuluş Günü ilə bağlı məruzəsi dinlənilib.

Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti olub.

* * *

Milli Qurtuluş Günü ilə bağlı Lerik Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon tədbirində idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov sakinləri əlamətdar gün münasibətilə təbrik edib.

Qeyd olunub ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl qurtuluş və Azərbaycanda vətəndaş müharibəsinin bitdiyi tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan ümummilli lider Heydər Əliyevdir.

1993-cü ilin 15 iyun gününün xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olduğunu vurğulayan R.Bağırov həmin günün, eyni zamanda, Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzinə çevrildiyini bildirib.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan müstəqil dövlət kimi dünyada tanınır və iqtisadi inkişafına görə inkişaf etmiş dövlətlər sırasına qoşulur.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədovanın Milli Qurtuluş Günü ilə bağlı məruzəsi dinlənilib.

Toplantıda çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü il iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı idi. Xalqımız bu gün bu qurtuluşun bəhrələrini görür və həyatımızda hər an hiss edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.