SİYASƏT
Milli Qurtuluş Günü şərəf tariximizdir
Bakı, 13 iyun, AZƏRTAC
İyun ayının 13-də Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatı 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan bayram tədbiri keçirib.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov tədbirdə çıxış edərək tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı olmadığını, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd edib. Vurğulayıb ki, Milli Qurtuluş Günü xalqımızın şərəf tarixidir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və özü xalqa arxa olan dahi bir insandır - Heydər Əliyevdir.
1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, xaosdan qurtuluş deməkdir. Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və mövcud iqtidarın vahid birliyi nəticəsində Ümummilli Liderimizin qurub yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezident İlham Əliyevdir.
Tədbir konsert proqramı ilə davam edib.