CƏMİYYƏT
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
MTRŞ-dən AZƏRTAC-a bildirilib ki, iclasda “Space” Müstəqil Teleradio Şirkəti tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib.
Bildirilib ki, noyabrın 22-də saat 20:30-da “Space”də efirə gedən “Hər həftə” xəbərlər-informasiya proqramının yayımı zamanı (saat 20:41) uşaqların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən səhnənin - dayə tərəfindən azyaşlı uşağa qarşı fiziki zorakılıq, xəsarətyetirmə səhnəsinin nümayiş etdirilməsi ilə “Televiziya və radio yayımı haqqında” Qanunun 33-cü maddəsinin, “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.1-ci bəndinin, həmçinin noyabrın 17-26-da “Televiziya və radio yayımı haqqında” Qanunun 35.5, 35.7-ci maddələrinin pozulması (reklamın yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi) faktı ilə əlaqədar olaraq “Space” Müstəqil Teleradio Şirkətinə xəbərdarlıq elan edilib.