ELM VƏ TƏHSİL
Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və veb-portalı işlənilib
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və veb-portalı işlənilib.
Layihə Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, konsepsiyada terminologiya sahəsində dövlət siyasəti, mövcud vəziyyət və milli terminoloji informasiya sisteminin yaradılmasını zəruri edən amillər önə çəkilib, bu sahədə beynəlxalq təcrübə və standartlar araşdırılıb, sistemin konseptual əsasları və arxitektur-texnoloji prinsipləri işlənilib, sistemin reallaşdırılmasından gözlənilən nəticələr və perspektivlər irəli sürülüb.
“www.azterm.az” (www.terminologiya.az) adı altında yaradılan veb-portal Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının və onun elmi bölmələrinin fəaliyyətini, terminoloji lüğətlər və Azərbaycan dilinin digər lüğətlərini əks etdirən böyük informasiya bazasına və geniş axtarış imkanlarına malik informasiya resursudur.
Ən yeni texnologiyalar əsasında yaradılan veb-portal vətəndaşlara e-terminoloji xidmətlər göstərməklə yanaşı, termin yaradıcılığı prosesinə geniş ictimaiyyətin cəlb edilməsi məqsədi daşıyır.