ELM VƏ TƏHSİL
Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyasının və veb-portalının təqdimatı
Bakı, 25 noyabr, Xatirə Cəfərova, AZƏRTAC
Noyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Milli Terminoloji İnformasiya Sisteminin (MTİS) konsepsiyasının və veb-portalının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri, AMEA-nın elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri iştirak ediblər.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, MTİS-in konsepsiyası və veb-portalı Azərbaycan dilinin qorunması və inkişafı, informasiya cəmiyyətinin bərqərar olunmasına dair dövlət siyasətinin həyata keçirilməsi, eləcə də elmi fəaliyyətin informasiya təminatının gücləndirilməsi məqsədlərinə xidmət edir.
A.Əlizadə sistemdə toplanan termin və lüğətlərlə bağlı müxtəlif istiqamətlərdə fundamental tədqiqatların aparılmasına böyük imkanlar yarandığını diqqətə çatdırıb, terminoloji problemlər, o cümlədən terminoloji informatika sahəsində elmi-tədqiqat işlərinin genişləndirilməsinin zəruriliyini vurğulayıb. Akademik bu istiqamətdə əldə edilən mühüm elmi nəticələrin ölkəmizdə terminologiyanın inkişafına müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
A.Əlizadə beynəlxalq tələb və standartlara uyğun MTİS-in yaradılmasının uzunmüddətli gərgin intellektual əməyin nəticəsi olduğunu söyləyib, bu işdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) dəstəyini və İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin fəaliyyətini xüsusi qeyd edib.
SMPDK-nın sədri Ramiz Həsənov bildirib ki, terminologiyanın standartlaşdırılması normativ-texniki sənədlərin, həmçinin təhsil və məlumat sənədlərinin keyfiyyətini artırır, müxtəlif bilik sahələri mütəxəssisləri arasında anlaşmanı asanlaşdırır.
Beynəlxalq təcrübədə terminologiyanın inkişafına böyük əhəmiyyət verildiyini söyləyən komitə sədri AMEA ilə əməkdaşlığın davamı olaraq terminologiya və digər elm sahələri üzrə milli standartların işlənilməsi məqsədilə müvafiq texniki komitənin yaradılmasının zəruriliyini qeyd edib.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev MTİS-in konseptual əsaslarından söz açıb. Bildirilib ki, MTİS terminoloji lüğətləri hazırlamış alim və mütəxəssislərin müəlliflik hüquqlarının qorunması üçün geniş imkanlar yaradacaq. Beynəlxalq və xarici ölkələrin analoji terminoloji sistemləri ilə inteqrasiya imkanlarına malik olan bu sistem, eyni zamanda, terminoloji informatika sahəsində elmi araşdırmaların informasiya bazası rolunu oynayacaq.
Alim sistemin vətəndaşlara e-terminoloji xidmətlər göstərməklə yanaşı, ölkədə terminologiya fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Yusif Sadıyev milli terminoloji veb-portalı təqdim edib, onun strukturu və dizaynı haqqında ətraflı məlumat verib.
Bildirilib ki, “www.azterm.az” (www.terminologiya.az) adı altında yaradılan veb-portal Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının və onun elmi bölmələrinin fəaliyyətini, terminoloji lüğətlərin və Azərbaycan dilinin digər lügətlərini əks etdirən böyük informasiya bazasına və geniş axtarış imkanlarına malik informasiya resursudur.
Y.Sadıyev ölkəmizdə hazırlanan bütün terminoloji lüğətlərin, o cümlədən elmi-texnoloji inkişaf nəticəsində yaranan yeni terminlərin müntəzəm olaraq terminoloji bazaya daxil ediləcəyini diqqətə çatdırıb. Bildirilib ki, portalın ən mühüm xüsusiyyətlərindən biri də “İctimai tribuna” bölməsi vasitəsilə Terminologiya Komissiyası və vətəndaşlar arasında online əlaqələrin qurulması imkanının olmasıdır. Bölmədə yeni terminlər və müzakirə üçün mövzu təklif etmək, eləcə də mövcud terminlərə münasibət bildirmək mümkündür.
Müzakirələrdə iştirak edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov və AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli MTİS-in təkmilləşdirilməsi üçün alim və mütəxəssislərin birgə fəaliyyətinin və dilçilik sahəsində normativ-hüquqi bazanın möhkəmləndirilməsinin zəruriliyini qeyd ediblər.