İQTİSADİYYAT


Milli iqtisadiyyat üzrə strateji yol xəritəsinin əsas istiqamətlərinin ictimai müzakirəsi keçirilib

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin ictimai müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov iqtisadi islahatların strateji yol xəritəsinin hazırlanması ilə bağlı işçi qrupun yaradıldığını qeyd edib. Bildirib ki, işçi qrup 2020-ci ilədək iqtisadi islahatların təhlili, eyni zamanda, 2025-ci ilə qədər əsas strateji baxış, 2025-ci ildən sonra isə hədəf baxışının hazırlanması üzrə xüsusi sənəd üzərində çalışır. Sənədin layihəsi artıq hazırdır. Sənəd ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının rəyinin alınması üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim olunub. Hazırda mütəxəssislər bu sənəd üzərində müzakirələr aparır və yaxın zamanlarda onların rəyi müvafiq dövlət qurumlarına təqdim olunacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, ictimai müzakirə formatları regionlar üzrə, o cümlədən Şamaxı, Quzanlı, Gəncə, Xaçmaz, Lənkəran, İmişli və Yevlaxda aparılıb, ictimaiyyət nümayəndələri, habelə fermerlər, ziyalılar, icra strukturlarının, bələdiyyələrin, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər təşkil olunub. Bu müzakirələrin formatı Bakıda da davam edir. “Biz turizm sektoruna dair Mədəniyyət və Turizm Nazirliyi, aqrar sektorla bağlı Kənd Təsərrüfatı Nazirliyi və digər nazirliklər ilə birgə müvafiq qaydada müzakirələr aparmışıq. Bu gün həmin müzakirələri vətəndaş cəmiyyətinin nümayəndələri ilə davam etdiririk. Biz milli iqtisadiyyatın strateji yol xəritəsi ətrafında çoxölçülü müzakirə platformasını yaratmışıq”, - deyə icraçı direktor qeyd edib.

V.Qasımlı diqqətə çatdırıb ki, dünyada strateji yol xəritəsinin hazırlanması ilə bağlı bu qədər çoxölçülü platforma yaradılmayıb. Strateji yol xəritəsi uzun müddətə ölkənin strateji hədəflərini müəyyənləşdirəcək. Strateji yol xəritəsinin ilk müzakirəsi Ağdamın Quzanlı qəsəbəsində olub. Bunun simvolik mənası var idi. Bu, o deməkdir ki, Azərbaycan dövləti strateji yol xəritəsini ölkəmizin bütün ərazisində tam təfsilatı ilə həyata keçirəcək. Strateji yol xəritəsi 11 istiqaməti əhatə edir. Bunlardan 4-ü istehsal, o cümlədən neft-qaz, kənd təsərrüfatı, 2-si xidmət, 2-si sosial, 3-ü isə telekommunikasiya və maliyyə xidmətləri daxil olmaq şərtilə infrastruktur adı altında birləşdirilərək strateji yol xəritəsində ehtiva edilib.

İcraçı direktor qeyd edib ki, strateji yol xəritəsi çərçivəsində Azərbaycanı orta gəlirli ölkədən yüksək gəlirli ölkələr sırasına qaldırmaq niyyətindəyik. Bunun üçün dünyada 3 əsas məqsəd uğrunda mübarizə gedir: kapital, talant, bazar. Hər üç istiqamət üzrə strateji yol xəritəsi Azərbaycan dövlətinin uzunmüddətli hədəflərini müəyyənləşdirir.

Tədbirdə digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüb, müzakirələr aparıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.