MƏDƏNİYYƏT
Milli kino sənətimizin görkəmli tədqiqatçısının yubileyi
Bakı, 1 fevral, AZƏRTAC
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında milli kino sənətimizin görkəmli tədqiqatçısı, Prezident təqaüdçüsü, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 75 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə A.Kazımzadənin həyat və yaradıcılığından, onun Azərbaycan kino tarixinin öyrənilməsi və tədqiqi istiqamətində gördüyü işlərdən geniş söz açılıb.
Bildirilib ki, Aydın Kazımzadə kino tədqiqatçısı olmaqla yanaşı, həm də gözəl pedaqoq kimi uzun illərdir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində gənc kino mütəxəssislərinin yetişməsində bütün bilik və bacarığını əsirgəmir.
Vurğulanıb ki, Azərbaycan kinosunun tarixi, bu sahədə çalışan insanlar haqqında onlarla kitabın müəllifi və “Azərbaycan kino ensiklopediyası”nın tərtibçisi olan Aydın Kazımzadənin 50 ildən artıq bir dövrü əhatə edən zəngin yaradıcılıq axtarışları dövlətimiz tərəfindən hər zaman layiqincə qiymətləndirilib.
Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib və Azərbaycan kino tarixinin tədqiqi istiqamətində işlərini bundan sonra da davam etdirəcəyini söyləyib.