CƏMİYYƏT


Milli mənəvi dəyərlərin qorunmasında sosial mediadan düzgün şəkildə istifadə etmək zəruridir

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət İbrahimqızının təşkilatçılığı, ictimaiyyətin müxtəlif təbəqələrini təmsil edən bir qrup ziyalının iştirakı ilə dövlət atributlarına, milli mənəvi dəyərlərə, türk, İslam mənəviyyatına, əxlaqına zidd olan təhqiramiz yazı və verilişlərin yayılmasına etiraz olaraq mətbuat konfransı keçirilib.

Məlahət İbrahimqızı qeyd edib ki, hər bir xalqın milli mənəvi dəyərləri onun yüz illər boyu formalaşdıraraq nəsildən-nəslə ötürdüyü və milli azadlığının qorunmasına, milli özünüdərkin inkişafına xidmət edən ən qiymətli sərvətidir.

Bildirilib ki, təməli XX əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli özünüdərk, onun tərkib hissəsi kimi milli mənəvi, mədəni dəyərlərə qayıdış prosesi bu gün Prezident İlham Əliyev tərəfindən yeni və daha zəngin məzmunda inkişaf etdirilir. Çox təəssüf ki, son dövrlər bəzi KİV-lər, xüsusilə internet üzərindən yayımlanan KİV-lər və sosial media ölkəmizdə yaradılmış demokratiyanın, bazar iqtisadiyyatının imkanlarından sui-istifadə edərək dövlətimizin atributlarına, milli mənəvi dəyərlərimizə, türk və İslam mənəviyyatına, əxlaqına zidd olan təhqiramiz yazılar, verilişlər yayımlayır. Sözsüz ki, mətbuatın cəmiyyətdə tənqid, rəy, təhlil, mübarizə, sağlam rəqabət məkanı olması reallığını bu gün hər kəs dərk edir. Bu məkandan və silahdan necə istifadə olunması isə onu idarə edənlərin peşəkarlığından, əxlaqından, mənəvi yetkinliyindən və milli təəssübkeşliyindən asılıdır. Təəssüf ki, bu gün hər birimizin evinin “qonağı” olan bəzi televiziyalarda, xüsusilə də internet mətbuatında tamaşaçılara yalnız zövqsüzlük və mənəviyyatsızlıq aşılanır. Ona görə də dövrümüzdə mətbuatın ən kəsərli ideoloji silah və məkan olduğunu unudan bir qrup sosial media və internet televiziyaların fəaliyyətinin qanunvericiliklə tənzimlənməsinə çox böyük ehtiyac var.

“Biz ictimaiyyətin müxtəlif təbəqələrini təmsil edən bir qrup ziyalı bu gün imzaladığımız müraciətlə mətbuatın bütün təmsilçilərini milli mənəvi dəyərlərimizə, şərəf və ləyaqətin toxunulmazlığı prinsipinin aliliyinə hörmət etməyə çağırır və Azərbaycan parlamentindən internet televiziya, sosial media haqqında tezliklə müvafiq qanun qəbul olunmasını xahiş edirik. Azərbaycanın görkəmli ictimai, siyasi, elm, incəsənət, mədəniyyət xadimlərini, deputatlarını, ziyalılarımızı, milli mənəviyyatımızın gələcəyinə biganə olmayan hər kəsi bu kampaniyaya qoşulmağa çağırırıq”, - deyə Məlahət İbrahimqızı qeyd edib.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli deyib ki, milli mənəvi dəyərlərin qorunmasından söhbət gedirsə, etik normalara mütləq əməl edilməlidir. Etik normalar insanın vicdanına bağlıdır. Təəssüf ki, hər adam buna əməl etmir.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, sözügedən problem çox ciddidir, bu istiqamətdə əməli addımlar atılmalıdır. Burada irəli sürülən təkliflər nəzərə alınmalı və qanun layihəsi şəklində Milli Məclisə təqdim olunmalıdır. Sosial şəbəkələr və internet medianın yaratdığı problemlər həm Azərbaycanda, həm də dünyada narahatlıq doğurur. 2013-cü ildə Mətbuat Şurasının tərkibində onlayn medianı tənzimləyən komissiya yaradılıb. 2015-ci ildə onlayn mediadakı xəbərlərə görə Şuraya 600 şikayət daxil olub. Ancaq Şura sosial şəbəkələrdəki fikirləri müzakirə etmir. Sosial şəbəkələrdə əksər hallarda milli mənəvi dəyərlər tapdalanır, insan haqları pozulur, həm də insanların şəxsi həyatı ilə bağlı sirlər yayılır.

Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova informasiya ombudsmanı yaradılması təklifi ilə çıxış edib. Bildirib ki, Mətbuat Şurasına da internet media ilə bağlı ciddi səlahiyyətlər verilməlidir. Təhqir, şər, böhtan yolverilməzdir. İnsanlar bu məsələdə diqqətli olmalıdırlar.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev insanın şərəf və ləyaqətinin təhqir olunmasına görə dünyada cərimələrin tətbiq olunması ilə bağlı praktikanın olduğunu söyləyib. O deyib ki, heç kimin başqasını təhqir etməyə ixtiyarı yoxdur. Məsuliyyətli olmaq lazımdır. “Fransada Məhəmməd peyğəmbər təhqir olunanda biz bunun əleyhinə çıxdıq. Onlar da dedilər ki, bu, söz azadlığıdır. Bəs onda nəyə görə, qondarma “erməni soyqırımı”nı tanımayan şəxsə cərimə tətbiq olunması barədə qanun qəbul olunur? Budurmu söz azadlığı? Bu, ikili standartdır”, - deyə Ç.Abdullayev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.