CƏMİYYƏT
Milli mətbuatın yaranmasının 141 illiyi Qaradağ rayonunda qeyd edilib
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan milli mətbuatının yaranmasının 141 illiyi münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov jurnalistləri 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib. O deyib ki, 141 illik tarixi olan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə mühüm töhfələr veriblər.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib. Sevindirici haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlətimizin başçısının Sərəncamına əsasən KİV işçiləri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir.
Sonda mətbuat nümayəndələrinə mükafatlar təqdim olunub. Mükafatlandırılanlar arasında AZƏRTAC-ın əməkdaşı da olub.