REGİONLAR
Milli mətbuatın yaranmasının 142-ci ildönümü Mingəçevirdə qeyd olunub
Mingəçevir, 23 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Milli mətbuatımızın yaranmasının 142-ci ildönümü Mingəçevirdə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, “Kür” otelində təşkil olunan mərasimdə şəhər icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, idarə və təşkilatların rəhbərləri, ölkəmizdə fəaliyyət göstərən televiziyaların, informasiya agentliklərinin və qəzetlərin Mingəçevirdəki bölgə müxbirləri və yerli mətbuatın nümayəndələri iştirak ediblər.
Təbrik nitqi ilə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində ölkəmizdə jurnalistlər üçün hər cür şərait yaradılır. Jurnalistlərin yaşayış şəraitinin yaxşılaşdırılmasının dövlətimizin başçısının diqqət mərkəzində olduğunu vurğulayan N.Bayramov deyib: “Ölkəmizdə söz və mətbuat azadlığına, KİV-lərə yüksək diqqət və qayğı siyasətinin əsasını ulu öndərimiz Heydər Əliyev qoyub. Dahi şəxsiyyət Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib. Bu gün Prezident İlham Əliyev bu missiyanı uğurla davam etdirir”.
Sonra “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, qəzetin əməkdaşı İsmayıl İmanzadə və digərləri mətbuatımızın inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
Bayram tədbiri bədii proqramla davam edib.