İQTİSADİYYAT
Milli proqram təminatları informasiya təhlükəsizliyini təmin edir
Bakı, 25 may, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycanın informasiya texnologiyaları üzrə şirkəti “Neuron Technologies” tərəfindən milli proqram təminatları hazırlanır.
Bu barədə AZƏRTAC-a məlumat verən şirkətin rəhbəri İsmayıl Ələkbərov ölkəmizdə təhsil, səhiyyə, kənd təsərrüfatı, bank və maliyyə sahələrində milli proqram təminatı həllərinin tətbiqinin əhəmiyyətini qeyd edib. O, milli məhsulların xarici məhsullar ilə müqayisədə kommersiya cəhətdən daha münasib olduğunu vurğulayıb.
Qeyd edilib ki, xarici sistemlərdən fərqli olaraq, yerli sistemlərin tətbiqi zamanı davamlı texniki dəstək daha səmərəli həyata keçirilir. Milli proqram təminatı həlləri həm də informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından daha əlverişlidir. Çünki bu zaman proqramın mənbə kodları xaricdə deyil, ölkə hüdudları daxilində olur.
Diqqətə çatdırılıb ki, şirkətin Azərbaycanda uğurlu informasiya-kommunikasiya texnologiyaları həllərini həyata keçirməsi geniş marağa səbəb olub. Şirkət mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ölkə əhalisi arasında mütərəqqi texnologiyaların təşviqini həyata keçirir.