QAN YADDAŞI
Milli qəhrəmanlara həsr olunmuş filmlər nümayiş etdirilib
Bakı, 18 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Qaradağ rayon Heydər Əliyev Mərkəzində Milli qəhrəmanlara həsr olunmuş “Qərargah rəisi” və “Aqil Məmmədov” adlı sənədli filmlər nümayiş etdirilib. Nümayiş Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və “Yaddaş” sənədli filmlər studiyasının birgə təşkilatçılığı ilə baş tutub.
İdarədən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, Qaradağ rayon tam orta məktəblərinin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə 20 Yanvar faciəsində həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi ərəfəsində Azərbaycanın Milli qəhrəmanları Şikar Şikarov və Aqil Məmmədovun döyüş yoluna həsr olunmuş filmlərin nümayişi Qaradağ rayon gəncləri və ictimaiyyəti üçün əsl vətənpərvərlik nümunəsidir. Qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixində ən qanlı faciədir. Bu faciə sovetlər dövründə xalqların sovet rejiminə qarşı yönəlmiş milli azadlıq hərəkatı idi. Azərbaycanda milli azadlıq ruhunu məhv etmək üçün belə bir faciə törədildi. Ancaq nə sovet ordusunun silahları, nə də müxtəlif təsir vasitələri Azərbaycan xalqının iradəsini qıra bilməyib, Azərbaycan müstəqillik əldə edib və azadlığına qovuşub. Eyni zamanda, erməni qəsbkarları Azərbaycan torpaqlarına göz dikib elan olunmamış müharibəyə başlayıblar. Azərbaycanın qeyrətli oğulları vətənin müdafiəsinə qalxaraq torpaqlarımızın müdafiəsi uğrunda müharibəyə qoşulublar. Haqqında söhbət etdiyimiz Milli qəhrəmanlar həmin döyüşlərdə şəhid olublar.
Milli Qəhrəman Aqil Məmmədovun qızı Günay Səmədzadə dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldığını bildirib. Qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik hissini gücləndirir, vətəninə, dövlətinə sevgi hissini aşılayır.
Sonda Milli qəhrəmanlar Şikar Şikarova və Aqil Məmmədova həsr olunan “Qərargah rəisi” və “Aqil Məmmədov” sənədli filmləri nümayiş olunub.