QAN YADDAŞI
Milli qəhrəmanlara həsr olunmuş filmlər nümayiş etdirilib
Bakı, 20 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan müəssisələrdə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi və “Yaddaş” sənədli filmlər studiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlərin nümayişi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, filmlərin nümayiş etdirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyəti vardır. Müşfiqabad qəsəbə mədəniyyət evində rejissor Ramiz Hüseynovun milli qəhrəmanlar Tofiq Hüseynov və Ələsgər Novruzova həsr olunmuş “Mən Xocalını tərk etməyəcəm”, “Qəhrəmanlığa gedən yol”, Qaradağ rayon Heydər Əliyev Mərkəzində rejissor Qurban Səlimovun milli qəhrəmanlar Aqil Məmmədov və Şikar Şikarova həsr olunmuş “Məmmədov Aqil”, “Qərargah rəisi”, A.R.Qobustanlı adına mədəniyyət evində rejissor Günel Aqifin milli qəhrəmanlar Sərxan Ocaqverdiyev və Pərviz Səmədova həsr olunmuş “Ata adı”, “Tarixdə adı qalan” adlı filmlər nümayiş olunub.
Binəqədi Mərkəzi mədəniyyət evində rejissorlar Samirə Cəfərova və Asif Abramovun milli qəhrəmanlar Elşad Yəhyayev və Zakir Yusifova həsr olunmuş “Səma cəngavəri”, “Bacı yaddaşı”, Suraxanı rayon Heydər Əliyev Mərkəzində rejissor Ramiz Hüseynovun milli qəhrəmanlar Ələsgər Novruzov və Tofiq Hüseynov haqqında “Qəhrəmanlığa aparan yol”, “Mən Xocalını tərk etməyəcəm”, Yasamal rayon Heydər Əliyev Mərkəzində rejissor Könül Kərimovanın milli qəhrəmanlar Əlif Hacıyev və Şövqiyar Abdullayevə həsr olunmuş “Azərbaycanlı olmaq böyük şərəfdir”, “Ana, üç günə qayıdacağam” adlı filmlərə baxış keçirilib.
Bildirilib ki, gənc nəslin milli təfəkkürünün formalaşmasında, vətənpərvər ruhda tərbiyəsində və tariximizi öyrənməsində mühüm rol oynayan bu filmlərin nümayişi Bakı şəhərinin müxtəlif mədəniyyət ocaqlarında davam edəcək.