REGİONLAR
Milli qəhrəmanlarımızın təbliğində medianın roluna həsr edilən “dəyirmi masa” təşkil olunub
İsmayıllı, 6 iyul, Adil Ağayev, AZƏRTAC
İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində “Milli qəhrəmanların təbliği və media mütəşəkkilliyi: mövcud durum, perspektiv vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, İsmayıllı rayon Zərdabi Mətbuat Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”nı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq, 140 il əvvəl 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan, Azərbaycan dilində ilk milli mətbuatımız olan “Əkinçi” qəzetinin tarixindən, medianın cəmiyyətin həyatındakı mühüm rolundan, bu sahəyə göstərilən dövlət qayğısından danışıb.
İctimai Birliyin sədri Rəhim Hüseynzadə mövzu ilə əlaqədar çıxış edib. R.Hüseynzadə, eləcə də “dəyirmi masa” ətrafında digər çıxış edənlər müasir həyatımızın, o cümlədən milli qəhrəmanlarımızın geniş ictimaiyyətə tanıdılmasında, təbliğində medianın xüsusi önəm daşıdığını bildiriblər. Vurğulanıb ki, milli qəhrəmanlarımızın təbliği hər şeydən əvvəl vətəndaşlıq borcundan qaynaqlanır. Müstəqil dövlətimizdə bu mövzu daim öz aktuallığı ilə diqqətdə olacaq və mətbuatımız üçün baş mövzu kimi qalacaq. Bu mövzu, həm də yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində çox önəmlidir.