MƏDƏNİYYƏT


Milli rəssamlığımızın simvolu

15 iyun – Əzim Əzimzadənin anım günüdür

Bakı, 15 iyun, AZƏRTAC

Elə adamlar var ki, sağlığında ölməzlik qazanır, işıqlı əməlləri ilə xalqının əzizinə çevrilirlər. Xalq Rəssamı Əzim Əzimzadə də belə xoşbəxt insanlardandır. Həyat və yaradıcılığı ilə Azərbaycan təsviri sənət məkanında fenomen kimi qəbul olunan Əzim Əzimzadənin milli incəsənətimizin XX əsrin birinci yarısına təsadüf edən mərhələsində çox dərin iz qoyması birmənalıdır.

Bakının Novxanı kəndində dünyaya göz açan Əzim Əzimzadə hələ uşaq yaşlarından rəssamlığa həvəs göstərsə də, onun bu həvəsinə nə evlərində, nə əhatələndiyi mühitdə heç bir dəstək verən olmayıb. Şəkil çəkməyin böyük günah olduğunu mədrəsədə ona söyləyən mollanın da, gündəlik çörək pulunu çıxardığı müxtəlif yerlərin xozeynləri də müsəlman balasına rəssam olmağın gərəksizliyini söyləsələr də, həm özü, həm də Əzim Əzimzadənin istedadını görən rus rəssamı Durov onun bu sahədə uğur qazanacağına inanıb. Elə bu inamı özünə etibarlı sarban seçən Əzim Əzimzadə 1906-cı ildə əsərinin o dövrün məşhur jurnalı sayılan “Molla Nəsrəddin”də çap olunmasını məqsədə doğru atdığı davamlı səylərin ilk işartısı sayır və daha israrla yaradıcılıq axtarışlarını davam etdirir...

Bundan sonra o, “Molla Nəsrəddin”lə yanaşı, “Zənbur”, “Kəlniyyət”, “Bic”, “Baraban”, “Məzəli” və “Babayi-Əmir” jurnallarında müxtəlif mövzularda çəkdiyi karikaturalarla daha geniş şöhrət tapır. Həm Azərbaycanda, həm də dünyada baş verən hadisələrə, eləcə də yerli adət-ənənələrə, mövhumata, müxtəlif eybəcərliklərə həsr olunmuş və məzmun aktuallığı ilə seçilən karikaturalarda o, yüksək sənətkarlıqla yanaşı, həm də qrafikanın bu sahəsinin ifşaedici satira gücünü göstərə bilmişdir.

Onun 1914-cü və 1922-ci illərdə M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi son dərəcə uğurlu illüstrasiyalar düşündürücü poetik misraları yaddaqalan bədii tərzdə əbədiləşdirib desək, yanılmarıq.

O, Azərbaycanın sovetləşməsindən sonra yaradıcılıqla yanaşı, bir çox mədəni-maarif orqanlarında da çalışmışdır. Əvvəlcə Xalq Maarif Komissarlığının məktəbdənkənar təhsil şöbəsi nəzdindəki incəsənət işlərinə baxan yarımşöbədə müdir, Bakı Dövlət Teatrında və Tənqid-Təbliğ Teatrında tərtibatçı rəssam, “Kommunist” qəzetində bədii redaktor, sonra isə bir vaxtlar ilk əsəri çap olunan “Molla Nəsrəddin” jurnalının baş rəssamı, ən nəhayət, təsviri sənət üzrə gənc kadrların yetişdirildiyi Azərbaycan Dövlət Rəssamlıq Texnikumun direktoru vəzifəsində işləyib. Sonralar bu məktəbə Ə.Əzimzadənin adı verilib...

1927-ci ildə yaradıcılığının 20 illiyi təntənəli şəkildə qeyd olunan Ə.Əzimzadə “Azərbaycanın xalq rəssamı” fəxri adına layiq görülüb, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün bədii tərtibatını uğurla həyata keçirdiyinə görə “Şərəf nişanı” ordeni ilə təltif olunub. Sovet dönəmində Azərbaycan rəssamlarının lideri kimi qəbul olunan görkəmli fırça ustası, bundan əlavə çoxsaylı təltiflərə və təqdirlərə də layiq görülüb.

Sual oluna bilər: Əzim Əzimzadə sənətinin gücü nədədir? Yaxud onun yaradıcılığı niyə xalq tərəfindən bu qədər sevilir? Doğrudan da Azərbaycan təsviri sənət məkanında fenomen kimi qəbul olunan Əzim Əzimzadə xüsusi ixtisas təhsili almasa da, yaratdıqları ilə hamını ovsunlamaq gücündə idi. Onun ən müxtəlif mövzuda və janrda çəkdiyi əsərlərdəki təbiilik və inandırıcılıq yəqin ki, Əzim Əzimzadəni başqalarından fərqləndirən başlıca bədii xüsusiyyət idi. Xalq həyatını dərindən bilən, onun uzaq-yaxın hadisələrini göz yaddaşında qoruyub saxlamaqla qeyri-adi tutumda bədiiləşdirməyi bacaran rəssamın əsərləri həm də tarixə bələndiyindən bu gün zamansızlığa qovuşmuş kimi qəbul olunur. Realizm ənənələrinə həm də milli kolorit qatmağı bacaran rəssam çəkdiyi düşündürücü lövhələrdə bu bədii qovşağı duyğulandırıcı qaynağa çevirməklə, özünün bu baxımdan tayı-bərabəri olmadığını hələ zamanında sübut etmişdi.

O, “Kasıb evində toy”, “Varlı evində toy”, “Kasıb evində Ramazan”, “Varlı evində Qurban bayramı”, “İnnabı rəng bizə məxsusdur”, “Qurban bayramı”, “Su üstündə dalaşma”, “Günün tutulması”, “Köhnə Bakı tipləri” və s. əsərlərində məna-məzmun tutumundan qaynaqlanan təzadları rəng vasitəsilə yaddaqalan tərzdə ifadə etməklə tamaşaçısını ovsunlayan və düşündürən bənzərsiz lövhələr ustası olduğunu sərgiləmişdi. Onun teatr və kitab qrafikası sahəsində yaratdığı əsərlər də bənzərsizdir.

Əzim Əzimzadə İkinci Dünya müharibəsi illərində arxa cəbhədə çalışan bir çox rəssamlarla birlikdə faşist işğalçılarını ifşa edən və insanları düşmən üzərində qələbəyə ruhlandıran plakat, karikatura və şarjlar yaratmaqla, ümumxalq qələbəsinə duyulası töhfələr vermişdi. Bu rəsmlərin xoş sorağı o vaxtlar Kremlə qədər gedib çıxdığından İ.V.Stalin 1943-cü ildə Azərbaycan rəssamlarının Tretyakov Qalereyasında ümumi sərgisinin təşkilinə göstəriş vermişdi. Bundan bir qədər əvvəl isə Moskva tamaşaçıları Ə.Əzimzadənin fərdi sərgisinə (1940) baxmışdılar.

Xalqımızın yaddaşında həm böyük rəssam, həm də bənzərsiz insan kimi qalan Əzim Əzimzadəyə aid təkcə bir hadisəni xatırlamaqla onun necə böyük ürək sahibi olduğuna əmin olmaq mümkündür... Müharibə illərində Ə.Əzimzadənin sevimli tələbələrindən sayılan Mikayıl Abdullayevə cəbhəyə getmək üçün çağırış vərəqi gəlir. Bunu eşidən Ə.Əzimzadə dərhal respublikanın rəhbəri M.C.Bağırova telefon açır və deyir: “Hazırda mənim üç oğlum cəbhədədir. Mən onlardan hansınınsa müharibəyə getməməsi üçün sizə müraciət etməmişəm. Amma M.Abdullayevə görə bunu etməyə məcburam. Onun yaxın gələcəkdə xalqımıza başucalığı gətirən sənətkar olacağına əminəm. Odur ki, sizdən onun döyüşən orduya çağırılmamasına göstəriş verməyinizi xahiş edirəm...” Xəttin o başından zəhmli adam kimi tanınan M.C.Bağırovun çox qısa cavabı eşidilir: “Oldu!”

Bu telefon danışığından sonra M.C.Bağırov həm də rəssamın Həbib adlı oğlunun cəbhədən geri çağırılmasına göstəriş verir. Bu, o vaxt olur ki, artıq sənətkar “bron”u ola-ola cəbhəyə yollanan kiçik oğlu Lətifin “qara kağız”ını almış və infarkt keçirmişdi. Elə onu çox sevdiyi Lətifin yoxluğu öldürdü, desək, yanılmarıq...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.