İQTİSADİYYAT
Milli startapçılar “Startup Village” müsabiqəsinin yarımfinalında iştirak edəcəklər
Bakı, 31 may, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rusiya Federasiyasının “Skolkovo” Fondu və “Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş “Açıq İnnovasiyalar üzrə Startap Turu”nun (Open Innovations Startup Tour) azərbaycanlı qalibləri “Startup Village” müsabiqəsinin yarımfinalında iştirak edəcəklər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iyunun 6-7-də Skolkovo İnnovasiya Mərkəzində keçiriləcək startap-müsabiqəsinin yarımfinalında ölkəmiz Arif Mövsümzadə, Aleksey Cəfərov və Fidan Rüstəmovadan ibarət "Spinal" komandasının "Lia", Orxan Əhmədovun "Kvotter" və Şahlar Paşayevin "Sağlam Yaşam platforması" layihələri ilə təmsil olunacaq.
Müsabiqəyə ümumilikdə 20 mindən çox iştirakçının, 3500 startap və 600-dən çox investorun qatılması nəzərdə tutulur.
Azərbaycandan olan startapların müsabiqədə iştirakı potensial investorlar qarşısında öz layihələri haqqında ətraflı məlumat verməsinə, həmçinin beynəlxalq bazarlara çıxış imkanları əldə olunmasına əlverişli şərait yaradacaq.
Xatırladaq ki, Rusiya və MDB məkanında innovativ startapların axtarışı üzrə ən böyük tədbir sayılan “Açıq İnnovasiyalar üzrə Startap Turu” bu il aprelin 17-18-də Bakıda keçirilib. Əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək vermək olan tura 235 iştirakçı, 82 layihə müraciət edib və onlardan 15 layihə iştirak hüququ qazanıb.
Qeyd edək ki, “Startup Village” startap-müsabiqəsi “Açıq İnnovasiyalar üzrə Startap Turu” çərçivəsində keçirilən ənənəvi tədbirdir və Avropada ən böyük startap müsabiqələrindən hesab olunur.