CƏMİYYƏT
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 96-cı ildönümü ilə əlaqədar Xətai rayonunda tədbir keçirilib
Bakı, 29 mart, AZƏRTAC
Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 96-cı ildönümü münasibətilə Xətai rayonunda tədbir keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov tədbirdə çıxış edərək təhlükəsizlik orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, çətin və şərəfli yol keçən Azərbaycan milli təhlükəsizlik orqanlarının inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri böyükdür. Ulu Öndər bu qurum üçün peşəkar kadr potensialının yaradılmasına hər zaman diqqət göstərib, müstəqil Azərbaycana rəhbərliyi dövrdə doğma təhlükəsizlik orqanlarına xüsusi qayğı ilə yanaşıb. Dahi rəhbər gənc müstəqil dövlətin milli təhlükəsizlik strategiyasını müəyyən edib, bu sahədə qanunvericilik bazasını yaradıb.
Qeyd edilib ki, sonrakı dövrdə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm işlər görülüb. Aparılan islahatlar nəticəsində milli təhlükəsizlik orqanları sistemi ən müasir texniki vasitələrlə təchiz olunub.
Rayon icra hakimiyyətinin başçısı, həmçinin ölkəmizdə mövcud sabitliyin qorunub saxlanmasında milli təhlükəsizlik və digər hüquq mühafizə orqanlarının əməkdaşlığının mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonra Milli Təhlükəsizlik Nazirliyi Xətai rayon şöbəsinin bir qrup əməkdaşına rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunub.
Tədbirdə çıxış edən MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov və digərləri milli təhlükəsizlik orqanlarının keçdiyi yoldan, müasir müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən milli təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşdirilməsi üçün göstərdiyi diqqət və qayğıdan danışıblar.