QAN YADDAŞI
“Milliyet” qəzeti: Xocalı qətliamı necə gerçəkləşdi?
İstanbul, 8 fevral, АZƏRTAC
Türkiyənin çoxtirajlı “Milliyet” qəzeti Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin “Xocalı qətliamı necə gerçəkləşdi?” sərlövhəli məqaləsini dərc edib.
Məqalədə Xocalı soyqırımının səbəbi, məqsədi və ağır nəticələri barədə türkdilli oxuculara ətraflı məlumat verilir. Keçmiş sovetlər birliyinin süqutu ərəfəsində Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrə nəzər yetirən baş konsul diqqətə çatdırır ki, Dağlıq Qarabağ bölgəsində sayca azərbaycanlılardan xeyli az olan ermənilərin əsassız ərazi iddiası ilə çıxış etməsi Azərbaycan xalqına qarşı həyata keçirilən düşmənçilik siyasətinin tərkib hissəsidir.
Xocalı soyqırımı zamanı əsir götürülən azərbaycanlıların sonrakı ağır talelərindən bəhs edən müəllif yazır ki, xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirilən günahsız insanların cəsədlərinin təhqir olunması, qoca, qadın və uşaqlara rəhm edilməməsi XX əsrin ən ağır cinayətlərindən biri kimi tarixə düşüb. Məqalədə erməni terror təşkilatlarının fəaliyyətinə və onlara Ermənistan dövləti tərəfindən yardım edilməsinə dair faktlara müraciət olunub. Dünyanın nüfuzlu KİV-lərinin reportyorları tərəfindən lentə alınan Xocalı soyqırımını əks etdirən video və fotolar bütün dünyaya yayılıb, tanınmış jurnalistlər və tədqiqatçılar bu faciənin dəhşətləri barədə məqalələr yazıblar.
Baş konsul yazır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması istiqamətində böyük nəticələr əldə olunub. O cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində böyük işlər görülüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul