DÜNYA
Miloş Zeman Avropa Komissiyasını Avropa İttifaqı Ali Məhkəməsində iddia qaldıracağı ilə hədələyib
Praqa, 8 oktyabr, AZƏRTAC
Avropa Komissiyası qaçqınların Aİ ölkələrinə qəbulu kvotalarını məcburi qaydada artırmaq xətti yeritsə, Bratislava kimi Praqa da Lüksemburqda yerləşən Avropa ittifaqı Ali Məhkəməsinə bu qurumdan şikayət edəcək. Çexiya Prezidenti Miloş Zemanın mətbuat katibi İrji Ovçaçekın sözlərinə görə, bunu Təhlükəsizlik Şurasının iclasında ölkə başçısının özü bəyan edib.
Çexiya parlamentinin Aşağı Palatasının deputatları qaçqınların Aİ ölkələri üzrə bölünməsini nəzərdə tutan daimi mexanizmin tətbiqi haqqında təklifi oktyabrın əvvəllərində rədd ediblər. Deputatlar Aİ-nin xarici sərhədlərinin mühafizəsi və qaçqın statusu almaq hüququ olmayan şəxslərin qaytarılması tədbirlərini dəstəkləyiblər. Deputatlar müxalif siyasətçilərin bir hissəsinin on minlərlə qaçqının Avropa ölkələri arasında məcburi qaydada bölünməsi haqqında qərarın Aİ tərəfindən qəbul edilməsi nəticəsində Çexiyanın Avropa İttifaqı Ali Məhkəməsinə şikayət verməsi ideyasını isə bəyənməyiblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa