DÜNYA
Miloş Zeman növbəti dəfə özünün türkofobiyası ilə fərqlənib
Praqa, 17 aprel, AZƏRTAC
Çexiyalı siyasətçilər, o cümlədən Miloş Zeman Türkiyənin gələcək prezidentinə geniş səlahiyyətlər verilməsinə dair referendumun yekunlarını şərh edərkən məyus olduqlarını gizlədə bilməyiblər. Onlar Türkiyə xalqının öz iradəsini azad və demokratik tərzdə ifadə etməsi ilə əlaqədar bu xalqı təbrik etmək əvəzinə, guya Türkiyənin dünyəvi və demokratik dövlət yolundan imtina etdiyini söyləyiblər. Təbii ki, onlar demokratik referendum və demokratiyadan geri çəkilmə arasında necə əlaqə olmasını izah edə bilməzlər.
Miloş Zemanın fikrincə, Türkiyə Avropa İttifaqına daxil olmalı deyil. Zeman TV Barrandov kanalına müsahibəsində deyib: “Hesab edirəm ki, prezident Ərdoğan Atatürkün ənənələrindən ciddi şəkildə uzaqlaşır”.
Görünür, Zeman unudub ki, Türkiyə Aİ üzvlüyünə daxil olmaq üçün ilk dəfə müraciət edəndə “Çexiya” adlı ayrıca dövlət (xüsusən bu adda demokratik dövlət) yox idi. O vaxt Çexoslovakiya bütünlüklə Kremldəki siyasi büronun təsiri altında idi.
Çexiya prezidenti öz bəyanatında onu da qeyd edib ki, Türkiyədə baş verən dəyişikliklər bu ölkənin NATO üzvlüyünə təsir göstərməməlidir. Bu da aydındır: Avropanın kollektiv təhlükəsizliyindən söhbət gedəndə hər kəs hərbi baxımdan daha güclü müttəfiqləri olmasını istəyir.
Bu günlərdə rəsmi Praqa PKK ilə sıx əlaqələri olan YPG terror təşkilatına rəğbət bəslədiyini bir daha bildirib. Zemanın sonuncu bəyanatı isə rəsmi Praqanın türkofobiyasının növbəti təzahürü oldu.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa