DÜNYA
Milyarder Pol Mellonun həyat yoldaşının kolleksiyası 218 milyon dollara satılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Amerikalı milyarder və mesenat Pol Mellonun bu ilin martında 103 yaşında vəfat etmiş həyat yoldaşı Reyçel “Banni” Mellonun şəxsi kolleksiyası Nyu-Yorkun Sotheby's satış evində keçirilən hərracda 218 milyon dollara satılıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Sotheby's satış evinin nümayəndəsi kolleksiyaya daxil olan əşyaların hər birinin 30 milyon dollardan yuxarı qiymətə satıldığını deyib. Bu əşyalara abstrakt ekspressionizmin görkəmli nümayəndəsi Mark Potkonun 36,6 və 39,9 milyon dollara satılan iki rəsm əsəri və 32,6 milyon dollara satılaraq yeni rekorda imza atan 9,75 karatlıq armudabənzər mavi brilyant da daxildir.
Reyçelin Virciniya ştatında Mellonlara aid “Oak sprinq” malikanəsində saxlanılan əşyaları avqust ayında 70 milyon dollara satışa çıxarılmışdı.
Qeyd edək ki, Reyçel prezidentlər Hardinq, Kulic və Huverin dövründə ABŞ-ın maliyyə naziri olmuş milyarder Endryu Mellonun yeganə oğlu ilə 1948-ci ildə nikah bağlamışdı.