REGİONLAR
Milyonlara örnək olan mənalı ömür yolu
Neftçala, 21 aprel, Mahir Babayev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı Qadınlar Şurası görkəmli ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə anım mərasimi keçirib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən YAP Neftçala rayon təşkilatı Qadınlar Şurasının sədri Gültəkin Sadıqova görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yoluna nəzər salıb. “Zərifə xanım elmi fəaliyyəti ilə Azərbaycan tibb elminə əvəzsiz töhfə verib”, - deyən G.Sadıqova bildirib ki, o, həm də sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana kimi hamımız üçün örnəkdir və Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
Rayon Mərkəzi Xəstəxanasının həkimi Sveta Cəfərova akademikin göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatlarından, əldə etdiyi uğurlardan, eləcə də yüksək mənəvi keyfiyyətlərindən danışıb. Bildirilib ki, alimin şəfalı əlləri minlərlə insanın qaranlıq gözlərinə işıq gətirib, onlara həyat eşqi bəxş edib.
Heydər Əliyev Mərkəzinin direktoru Ruhəngiz Nəcəfova alimin çoxşaxəli pedaqoji və ictimai fəaliyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, Zərifə xanım Əliyeva keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü kimi mühüm ictimai iş aparırdı.
Tədbir alimin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.