REGİONLAR
Milyonlara örnək olan mənalı ömür yolu
Sabirabad, 29 aprel, Mahir Babayev, AZƏRTAC
Sabirabadda görkəmli alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayonun rəhbər işçiləri, idarə, müəssisə rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov görkəmli oftalmoloq alim, ictimai xadim Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yoluna nəzər salıb. Zərifə xanım elmi fəaliyyəti ilə Azərbaycan tibb elminə əvəzsiz töhfə verib deyən icra başçısı bildirib ki, o, həm də sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana kimi bütün qadınlar üçün örnəkdir.
Digər çıxış edənlər görkəmli alimin mənalı həyat yolundan, görkəmli həkim kimi fəaliyyətindən söz açıb, bu nəcib qadının təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə qəlblərdə yaşayacaqdır.
Tədbir alimin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.