REGİONLAR
Min çeşnisi, saysız sirri olan həsirdə onu toxuyanın barmaqlarının istisi, arzusunun naxışları, sənətinin izləri var
Astara, 24 iyul, AZƏRTAC
Həsir Azərbaycanın qədim xalq sənəti növlərindən biridir. Bu sənət növü Azərbaycanda hələ minilliklər əvvəl təşəkkül tapıb. Eneolit dövründən başlayaraq bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkarlanıb. Bitki liflərindən hazırlanan bu məmulatlar məşhur xalçaçılıq sənətimizin “əcdadı” da sayıla bilər.
Sayı bilinməyən çeşnilər
Astara-Lənkəran zonasında vaxtilə həsirin hərəmi, nəlbəki gülü, zərəni gülü, doğanaq, şanagül, girdəgül, nevincanə, cınağı, məcmeyi, teşti, dəvəboynu, pişkəçanq, kitbəsəgit, kəşli, ənzəli, ağnaxış və s. müxtəlif çeşniləri dəbdə olub.
Suçcar sahələrdə yetişən lifli bitkilər (lığ, ziyəlığ, cil) elastik ağac çubuqları və siyrımı, dənli bitkilərin küləşi hörmə işinin qədim xammal növü olmaq etibarilə bu gün də əhəmiyyətini itirməyib. Lığ və ziyəlığdan burub dolama üsulu ilə ciyə hazırlanması cənub bölgəsində indi də qalmaqdadır. Həsir toxuculuğunda əriş üçün işlənən lığeşmə, ev məişətində geniş yayılmış ciyəbənd, zənbil, səbət, kövsərə, süfrə və s. üçün yastı ciyə məhz bu üsulla hazırlanır.
Hazırda həsir əsasən Azərbaycanın cənub bölgəsinin Masallı, Lənkəran və Astara rayonlarında toxunulur.
Həsirləri ilə məşhur olan Kakalos
Astara rayonunun Kakalos kəndi həsirləri ilə məşhurdur. Məhsulu əldə etmək üçün yaz-yay aylarında qamışlıqlara yollanan kəndlilər “pizə” adlanan xüsusi xammalı toplayırlar. Həsir qurudulmuş pizə çubuğundan şaquli və ya üfüqi dəzgahda toxunulur. Bir həsirin toxunuşu naxışından, çeşnisindən, uzunluq və enindən asılı olaraq 3-5 günə başa çatır.
Kakaloslular həsir toxuyarkən daha çox həndəsi fiqurlardan istifadə edirlər. Kəndin tanınmış simalarından biri, təqaüddə olan “Tərəqqi” medallı, fəxri mədəniyyət işçisi Fərbiyə Şabonava deyir: “Cənub bölgəsinin iqlimi rütubətlidir. Həsir isə ta qədimdən bəri rütubətdən qorunmaq üçün ən yaxşı vasitələrdən biri olub. Döşəməyə həsir sərilən evdə rütubət olmaz. Üstəlik, dədə-babalarımız həsirdən sərinkeş, soyuducu kimi, çəltik qurutmaq üçün də istifadə ediblər”.
F.Şabanova bildirib ki, Kakalos kəndi özünün həsirçiləri ilə tanınıb. Belə ki, kənd sakini Minarə Əliyevanın toxuduğu həsirlər 1987-ci ildə Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində nümayiş etdirilib və sərginin diplomuna layiq görülüb.
Gənclərə həsir sənətinin sirləri öyrədilir
Bu gün kənddə həsirçilik sənəti davam etdirilir. Kənd mədəniyyət evi nəzdində yaradılmış “Xalq tətbiqi sənəti klubu”nda gənclərə bu qədim sənətin sirləri öyrədilir.
Klubun rəhbəri Rüfət Rzayevlə söhbət zamanı dedi ki, hazırda klubun 20 nəfər üzvü bu sənətin sirlərinə yiyələnir: “Həsir toxunan zaman həndəsi fiqurlardan daha çox istifadə edirik. Qamışdan təkcə həsir deyil, eyni zamanda, müxtəlif növ zənbillər, tərəzilər, çantalar, papaqlar və digər əşyalar da toxuyuruq”.
Bu gün Astara bazarında ustalar tərəfindən toxunulan həsirlər ölçüsündən asılı olaraq 10-20 manata satılır. Qamışdan hazırlanan zənbil, tərəzi, çanta, papaq kimi məhsullar isə alıcılara 2-6 manata təklif olunur.
İndi dünyanın bir çox ölkələrində həsirdən toxunan əl işlərinə maraq artmaqdadır. Azərbaycanda da bu qədim xalq sənəti yaşadılır. Bəlkə də həsir toxunuşu bir çoxlarına ilk baxışdan adi görünə bilər. Ancaq həsirdə onu toxuyanın barmaqlarının istisi, arzusunun naxışları, sənətinin izləri var...
Bağır Əliyev
AZƏRTAC-ın cənub bölgəsi üzrə müxbiri