İQTİSADİYYAT


Mineral gübrələr davamlı məhsul əldə olunmasında mühüm vasitədir

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da Bakı Ekspo Mərkəzində “CASPİAN AQRO-2017” 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin təşkilatçılığı ilə kənd təsərrüfatı istehsalı ilə məşğul olan istehsalçıların və şirkətlərin işgüzar görüşü keçirilib.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Səhmdar Cəmiyyətin xarici tərəfdaşları - Rusiyanın “Evroxim” və Çinin “YTO GROUP” dövlət korporasiyası iştirak edib.

Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədr müavini Xaliq Məmmədov görüşdə çıxış edərək bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının ciddi inkişafına səbəb olub, ölkə miqyasında torpağa qayıdış başlayıb. Lakin mədəni əkinçilik prinsiplərinin bərqərar olması, məhsuldarlıq göstəricilərinin yüksəldilməsi son dərəcə vacibdir. Bunun üçün fermerlər müasir texnologiyalardan yararlanmalı, torpağı münbitləşdirən, məhsuldarlığı yüksəldən mineral gübrələrdən normativlər çərçivəsində istifadə etməlidirlər. Suda tez həll olan, üzvi xarakter daşıyan mineral gübrələr bütün dünya ölkələrində əkinlərə tətbiq olunur. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC gübrə istehsalı sahəsində qabaqcıl xarici şirkətlərlə əməkdaşlıq edərək, həmin gübrələrin ölkəmizin əkin sahələrində də tətbiqinə çalışır.

Rusiyanın “Evroxim” şirkətinin nümayəndəsi Vladislav Udovçenko təqdimatla çıxış edərək suda tez həll olan mineral gübrələrin texniki göstəriciləri, bitkinin vegetasiyasına müsbət təsiri haqqında danışdı. Bildirib ki, bitkinin məhsuldarlıq göstəricilərinin yüksəldilməsində birbaşa rol oynayan mineral gübrələr bu gün davamlı məhsul əldə olunmasında mühüm vasitədir. Azərbaycanda fermerlər bir neçə adda gübrələrdən istifadə edirlər. Bunların sayı daha da artırıla, bununla da intensiv əkinlərin genişləndirilməsi təmin oluna bilər.

“Evroxim” şirkətinin digər nümayəndələri yerli fermerlər üçün təqdimatlar keçirərək onlara suda tez həll olan, ekologiyaya mənfi təsir göstərməyən mineral gübrələrin, digər bitkiçilik dərmanlarının texniki göstəricilərini nümayiş etdiriblər.

Sonra texniki təminat, konsaltinq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri çıxış edərək, Azərbaycanda həyata keçirilən aqrar islahatları yüksək qiymətləndirib və əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İdarə Heyətinin sədr müavini Elşən Əsədov dövlətimizin başçısının tapşırıqları əsasında son vaxtlar fermerlərə avans verilməsindən, aqrar sektorda məsləhət-informasiya xidmətlərinin göstərilməsindən söz açıb. Qeyd edib ki, Səhmdar Cəmiyyət dünya təcrübəsində tətbiq olunan mineral gübrələrin ölkəyə gətirilərək yerli fermerlərə güzəştli qiymətlər əsasında satılmasını təmin etməyi planlaşdırır. Bu addım ev təsərrüfatlarının inkişafına ciddi təkan verəcək, kiçik təsərrüfatlarda məhsul istehsalının artması ilə yanaşı, keyfiyyət göstəricilərinin də yüksəlməsinə səbəb olacaq.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC fermerlər üçün maarifləndirici görüşlərin keçirilməsini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.