REGİONLAR
Mingəçevir-Bəhrəmtəpə avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 27 aprel, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə 154 kilometr uzunluğunda olan Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri - Mingəçevir dəmiryolu stansiyası arasındakı olan hissəsinin 3-cü texniki dərəcədən 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır. Sözügedən avtomobil yolunun uzunluğu 16,5 kilometrdır. Layihəyə uyğun olaraq yol 2 hərəkət zolağından ibarət olacaq. Mövcud yol yatağının eni tikinti işləri çərçivəsində 12 metrdən 15 metrə qədər genişləndiriləcək, hərəkət hissəsinin eni 7,5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metr olacaq. Hazırda Mingəçevir şəhəri - Mingəçevir dəmiryolu stansiyası arasında olan hissədə torpaq işləri görülür, yol yatağının və yol əsasının tikintisi aparılır.
Layihəyə görə, yol geyimi konstruksiyasının qalınlığı 72 santimetr olacaq. Həmin hissədə Kürəkçay üzərində bir aşırımlı, 18 poqonmetr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, bir alt keçidin və 7 düzbucaqlı keçidin tikintisi də aparılacaq. Bütün işlər müvafiq cədvələ uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri - Mingəçevir dəmiryolu stansiyası arasındakı olan hissəsinin yenidən qurulması ilə vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.