REGİONLAR
Mingəçevir-Bəhrəmtəpə yolunun bir hissəsində son tamamlanma işləri aparılır VİDEO
Bakı, 10 aprel, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri – Mingəçevir dəmiryolu stansiyası arasında yerləşən hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.
ASC–nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 16,5 kilometr olan həmin hissə üçüncü texniki dərəcədən ikinci texniki dərəcəyə uyğun yenidən qurulur. Layihəyə əsasən, yol iki hərəkət zolağından ibarətdir. Mövcud yol yatağının eni tikinti işləri çərçivəsində 12 metrdən 15 metrə qədər genişləndirilib. Hərəkət hissəsinin eni 7,5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metrdir.
Hazırda yolda asfaltlanma aparılır ki, bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə 150 min kvadratmetr sahəyə asfalt-beton örtük döşənir. Tikintisi yekunlaşmış ərazilərdə yol nişanları və məlumatverici lövhələrin quraşdırılır, həmçinin yol-cizgi və yolgöstərici xətlər çəkilir.
Yolun bu hissəsində Kürəkçay üzərində bir aşırımlı, 18 poqonmetr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, 1 alt keçidin və 7 düzbucaqlı keçidin tikintisi də yekunlaşdırılıb.
Məlumatda qeyd edilir ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri – Mingəçevir dəmiryolu stansiyası arasındakı hissəsinin yenidən qurulması ilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat gediş-gəliş təmin olunacaq.