MƏDƏNİYYƏT
Mingəçevir Dövlət Dram Teatrında yeni uşaq tamaşası hazırlanır
Bakı, 12 oktyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Mingəçevir Dövlət Dram Teatrında yeni uşaq tamaşası hazırlanır.
AZƏRTAC xəbər verir ki, yeni səhnə əsəri Qazax Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubovun quruluşunda təqdim olunacaq.
Şair dramaturq İsgəndər Coşqunun qələmə aldığı “Çal oyna” mənzum nağıl-pyesi əsasında hazırlanan səhnə əsərinin mövzusu heyvanların dili ilə hiyləyə və yalana nifrət, zəhmətə, düzlüyə, etibara, əməyə rəğbət aşılamaqdır. Müəllif tərəfindən göstərilən bu problemlər quruluşçu rejissor tərəfindən tamaşada daha da qabardılır.
Tamaşa balacaları dostluqda möhkəm, hər bir işdə düz olmağa, əməyə, zəhmətə alışmağa, hörmətlə yanaşmağa çağırır. Səhnə əsərində rolları aktyorlar Afət Əliyeva, Ruhəngiz Abdullayeva, Fəridə Məmmədova, Aytən Allahverdiyeva, Ceyhun Əhmədov, Elvin Əkbərli və Nargilə Abdullayeva ifa edəcəklər.
Tamaşada rəsmlərin quruluşu Əməkdar Rəssam Rafael Həşimova, musiqi tərtibatı isə Elnur Rəsulova məxsusdur.