REGİONLAR


Mingəçevir Dövlət Universitetində regionda fəaliyyət göstərən startapçılarla görüş keçirilib

A+ A

Mingəçevir, 18 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə noyabrın 18-də Mingəçevir Dövlət Universitetində regionda fəaliyyət göstərən startapçılarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev çıxış edərək təhsil ocağında yaradılan İnnovativ Biznes İnkubatoru haqqında ətraflı məlumat verib, tədbirin əhəmiyyətindən danışıb.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov görüşün məqsədi və Fondun startap layihələrinə verdiyi dəstək haqqında söz açıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkının direktor müavini Kənan Bayramov çıxışında bildirib ki, bu gün yüksək texnologiyalar sahəsində yeni layihələrin başlaması, eləcə də biznesin inkişafı üçün yaxşı imkanlar var və mövcud ekosistem inkişaf etdirilməkdədir.

Tədbirdə, həmçinin Mingəçevir Yüksək Texnologiyalar Parkının, Mingəçevir Gənclər Evinin və startap ekosisteminin üzvləri də iştirak ediblər.

Daha sonra Mingəçevirdən olan və qrant müsabiqəsində qalib gələn “İntellektual Multi Bələdçi”, “Öyrən, Tətbiq et və Qazan”, “enjoymingo.az” və “Əl işinin ticarəti” layihələrinin təqdimatları keçirilib. Sonda qrant müsabiqəsində qalib olan layihə müəllifləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları ilə təltif edilib.

Bildirilib ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi son qrant müsabiqəsində 121 layihə iştirak edib, onlardan 112-si ilkin, 61-i isə kompleks ekspertizadan keçərək Müşahidə Şurasına təqdim olunub. Müşahidə Şurasının qərarı ilə 29 layihə qalib elan olunaraq, ümumilikdə, 395 min manat qrant vəsaiti ayrılıb. Diqqətə çatdırılıb ki, bu kimi biznes inkubatorların və mərkəzlərin yaradılmasında əsas məqsəd gənclərin İKT sahəsinə marağını artırmaq, kütləviliyi təmin etməkdən ibarətdir. Fond ali təhsil müəssisələrində yeni biznes inkubatorların yaradılmasına dəstək verir, həmçinin mövcud inkubatorlarda layihələrə dəstək məqsədi ilə mütəmadi infosessiyalar keçirilir.

Qeyd edək ki, Fond və Yüksək Texnologiyalar Parkı regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılmasını davam etdirir. Fond tərəfindən paytaxtda İqtisad, Neft və Sənaye, Texniki, Memarlıq və İnşaat universitetlərində, regionlarda isə Mingəçevir, Gəncə və Lənkəran Dövlət universitetlərində biznes inkubatorların yaradılmasına dəstək verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.