REGİONLAR
Mingəçevir Şəhər Polis Şöbəsinin yeni inzibati binası açılıb
Mingəçevir, 30 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Mayın 30-da respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Mingəçevir şəhərində birinci Avropa Oyunlarının avarçəkmə üzrə yarışlarının keçiriləcəyi “Kür” Olimpiya Tədris İdman Mərkəzində mühafizə və təhlükəsizlik sahəsində görülən işlərin vəziyyəti ilə yaxından tanış olub, daxili işlər orqanlarının orada xidmətə cəlb olunmuş məsul əməkdaşlarına konkret tapşırıq və tövsiyələrini verib.
AZƏRTAC xəbər verir ki, daha sonra nazir Mingəçevir Şəhər Polis Şöbəsinin yeni inzibati binasının açılışında iştirak edib.
Yeni tikilinin əsas parametrləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, inşasına ötən ilin aprelində başlanmış, ümumi sahəsi 2458, digər yardımçı tikililərlə bərabər isə 3108 kvadratmetr olan dördmərtəbəli inzibati binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib. Yeni tikilidə 68 xidməti otaq, 125 yerlik akt zalı var. Burada mərkəzi havalandırma və istilik sistemləri, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr inşa edilib. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Daxili işlər naziri növbətçi hissə, xidməti otaqlar, akt zalı, müvəqqəti saxlama yeri ilə yaxından tanış olub, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına diqqət və qayğısını əks etdirən fotostendlərə baxıb, görülən işlərdən razılığını bildirib.
Daha sonra Ramil Usubov akt zalında şöbənin şəxsi heyəti ilə görüşüb, tapşırıq və tövsiyələrini verib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili işlər orqanlarının maddi-texniki təminatının möhkəmləndirilməsi, iş və məişət şəraitinin, sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün böyük səylər göstərdiyini məmnunluqla qeyd edib. Nazir deyib ki, dövlətimizin başçısının ali diqqət və qayğısı şəxsi heyəti xidməti vəzifələrini layiqincə yerinə yetirməyə ruhlandırır.
Nazir əmin olduğunu bildirib ki, Mingəçevir ŞPŞ-nin əməkdaşları buna əməli işlə cavab verəcək, birinci Avropa Oyunlarına daxil olan avarçəkmə yarışlarının keçiriləcəyi bu şəhərdə asayişin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə sahəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcəklər.
Yeni inzibati binanın açılışında Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak edib.