REGİONLAR


Mingəçevir Tarix Muzeyinə gələn xarici turistlər daha çox qədim zinət əşyalarına maraq göstərirlər

Mingəçevir, 10 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Qolbağı, üzüklər, yaxalıq, müxtəlif bəzək əşyaları və tikiş işləri görmək üçün alətlər... Bunlar hər hansı bir zərgər dükanının deyil, qədim eksponatların toplandığı Mingəçevir Tarix Muzeyində turistlərin diqqətini çəkən əşyalardır.

AZƏRTAC xəbər verir ki, eramızdan əvvəl III-I minilliklərə aid olan bu əşyalar Mingəçevir şəhəri ərazisində aparılan arxeoloji qazıntılar zamanı kurqan və qəbirlərdən tapılıb. Şüşə, metal, gil və digər materiallardan hazırlanmış qadın bəzək əşyaları bu gün də aktuallığını itirmir. Antik dövrə aid boyunbağı, sinəbənd, heyvan fiqurları və digər zinət əşyaları muzeyə gələn qadınların daha çox marağına səbəb olur. Hətta qədim əl işlərini müasir dövrdə tətbiq etmək istəyənlər də az deyil.

Muzeyin bələdçisi Mehmanə Səlimovanın sözlərinə görə, Mingəçevir Tarix Muzeyində yaradılan xüsusi guşədə 46 adda qadın bəzək əşyası toplanıb: “Şəhər ərazisində 1946-1953-cü illərdən başlayan arxeoloji qazıntılar zamanı bu qədim sənət nümunələri əsasən qadın qəbirlərindən aşkarlanaraq götürülüb. Tapılan əşyalar arasında ən qiymətlisi isə sadə əl işi olan və gildən hazırlanan boyunbağılardır. Şəhərə gələn qonaqlar, xüsusən də xarici turistlər bu qədim əşyalara böyük maraq göstərirlər. Onlar bu qədim əşyaların hər biri haqqında geniş məlumat əldə edir, hətta şəkillərini çəkirlər”.

Qeyd edək ki, son illər Mingəçevirdə turizmin inkişafı üçün görülən işlər öz bəhrəsini verməkdədir. Şəhərə turistləri cəlb edən məkanlardan biri də Mingəçevir Tarix Muzeyidir. Yeni binada fəaliyyət göstərən muzeydə Mingəçevirin yerləşdiyi ərazinin qədim tarixini özündə əks etdirən 15 minə yaxın eksponat saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.