REGİONLAR
Mingəçevir Turizm Kolleci 10-dan çox ölkənin təhsil müəssisəsi ilə əməkdaşlıq edir
Mingəçevir, 6 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Turizm sahəsi üzrə ixtisaslı kadr hazırlığı missiyasını həyata keçirən Mingəçevir Turizm Kollecində 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü xüsusi tədbirlə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, 200-ə yaxın təcrübəli və gənc pedaqoqun iştirak etdiyi toplantıda kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov təhsil ocağının fəaliyyət göstərdiyi ötən 10 il ərzində gördüyü işlər, əldə etdiyi uğurlar barədə məlumat verib. Müəllim peşəsinin şərəflı və çətin tərəflərindən danışan kollec rəhbəri cəmiyyətin sabahının təhsil işçilərinin məsuliyyətinə bağlı olduğunu qeyd edib. Əyyub Əyyubov bildirib ki, vaxtilə ölkəmizdə turizm ixtisaslarını tədris etmək iqtidarında olan pedaqoji potensial yox idi. “Mingəçevir Turizm Kollecinin bu müəllimlərinin gecə-gündüz çalışması sayəsində turizm sahəsi üzrə ixtisaslaşmış pedaqoq heyət formalaşıb və bu gün həmin müəllimlərin köməyi ilə kollecdə ən müasir tədris-təlim metodları tətbiq olunmaqdadır. Nəticələr qürurvericidir. İndiyədək yetişdirdiyimiz 5 mindən artıq gənc və bacarıqlı mütəxəssis hazırda ölkəmizin turizm sənayesinin və mədəniyyət sektorunun müxtəlif sahələrində uğurla çalışaraq həmin sahələrin inkişafına töhfə verir”.
Əyyub Əyyubov ölkəmizdə turizm sahəsi üçün ixtisaslı kadrlar hazırlayan bu təhsil ocağında hazırda 13 ixtisas üzrə 1823 nəfər tələbənin təhsil aldığınin bildirib. O qeyd edib ki, Mingəçevir Turizm Kolleci tərəfindən davamlı olaraq Türkiyə, Böyük Britaniya, Qazaxıstan, Şotlandiya, Rusiya, Rumıniya, Fransa, Avstriya və Ukraynanın turizm üzrə ali və orta ixtisas məktəblərinin təcrübəsi öyrənilir, kollecin müəllimləri beynəlxalq təhsil proqramlarının iştirakçısı olaraq böyük təcrübə əldə edirlər. O, Mingəçevir Turizm Kollecinin dünyanın 10-dan çox ölkəsinin turizm üzrə ali və orta ixtisas təhsili müəssisələri ilə sıx əməkdaşlıq etdiyini, beynəlxalq təhsil proqramlarından bəhrələndiyini deyib. Əldə olunan uğurların dövlət qayğısı olmadan mümkünsüzlüyünü qeyd edən professor Əyyub Əyyubov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə artıq ölkəmizdə turizm günü təsis olunub.
Tədbirdə pedaqoji fəaliyyətdə fərqlənən bir qrup fəal müəllimə kollec rəhbərliyi tərəfindən fəxri fərman və diplomlar təqdim olunub. Bayram tədbiri tələbə özfəaliyyət dərnəyinin istedadları gəncləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib.