REGİONLAR


Mingəçevir Turizm Kolleci turizm sahəsində fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlığa hazırdır

Mingəçevir, 21 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir Turizm Kollecində “Turizm təhsilində işəgötürənlərlə əməkdaşlığın rolu” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri, regional turizm informasiya mərkəzlərinin rəhbərləri, çoxlu sayda işəgötürən şəxs və sahibkarlar, otel, mehmanxana menecerləri və digər mütəxəssislər iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə kollecin tələbələrinin əl işlərindən ibarət “Azərbaycan turizminin perspektivləri” adlı sərgiyə baxıblar. Sonra Mingəçevir Turizm Kollecinin tədris-təlim bazası, tələbə və məzunları, həmçinin beynəlxalq əlaqələrindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanda turizmin inkişafını nəzərdə tutan sərəncamlarına və təsdiq olunmuş yol xəritəsinə müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyi perspektiv istiqamətlər üzrə fəal müzakirələr aparılmasını qərara alıb.

Direktor turizm sahəsi üzrə mütəxəssis hazırlığı prosesində kollecin ciddi nailiyyətlər əldə etdiyini, tədris prosesində mövcud beynəlxalq əlaqələr sayəsində Avropanın ən qabaqcıl metodlarından yararlandığını diqqətə çatdırıb. O, işəgötürənlərlə təhsil müəssisəsi arasındakı əlaqələrə toxunaraq, bunun yeni innovativ münasibətlər müstəvisinə çıxarılmasının vacib olduğunu vurğulayıb. Kollecin ölkənin turizm sahəsində fəaliyyət göstərən bütün işəgötürənlərlə əməkdaşlığa daim hazır olduğunu deyən Ə.Əyyubov bu mənada konfransın hər kəs üçün əhəmiyyətli ola biləcəyini qeyd edib.

Sonra Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin məsul əməkdaşı Cavid Əliyev və Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev konfransın əhəmiyyətindən, turizm təhsilində işəgötürənlərlə əməkdaşlığın rolundan danışıb.

Mingəçevir Turizm Kollecinin müəllimləri, Mingəçevir Turizm İnformasiya Mərkəzinin, “Ağsaray” otelinin, “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin məsul işçiləri məruzələrlə çıxış ediblər.

Konfrans kollecin tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyanın nümayişi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.