REGİONLAR
Mingəçevir Turizm Kollecinin komandası mini futbol üzrə turnirin qalibi olub
Mingəçevir, 6 mart, AZƏRTAC
Bədən Tərbiyəsi və İdman Günü münasibətilə martın 5-də Mingəçevir şəhərində mini futbol turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin, Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional bölməsinin birgə təşkilatçılığı ilə keçirilən şəhər birinciliyində Mingəçevir Politexnik Universitetinin, turizm və tibb kolleclərinin, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının, eləcə də şəhərin orta məktəblərinin komandaları iştirak ediblər.
Yarışın açılış mərasimində çıxış edənlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından, futbolun inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Finalda Mingəçevir Turizm Kollecinin tələbələri Mingəçevir Politexnik İnstitutunun komandasına 1:0 hesabı ilə qalib gələrək turnirin kubokuna sahib olublar. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının komandası isə üçüncü yeri tutub.
Futbolçuların mükafatlandırılması mərasimində qeyd edilib ki, Gənclər üçün Təhsil Mərkəzi birinci Avropa Oyunlarının Bakı şəhəri ilə yanaşı, Mingəçevirdə də keçiriləcəyini nəzərə alaraq yeniyetmə və gənclərin idmana olan marağını daha da artırmaq üçün qarşıdakı günlərdə velosiped, idman çoxnövçülüyü üzrə bir sıra yarışlar, habelə Avropa Oyunlarına ictimai dəstək məqsədilə festivallar təşkil edəcək.