REGİONLAR


Mingəçevir Turizm Kollecinin ötən 11 ildə 6 mindən çox məzunu olub

Mingəçevir, 4 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Fəaliyyətinin 11-ci il dönümünü uğurla başa vuran Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevir Turizm Kollecində məzunlarla növbəti vida mərasimi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, “Məzun günü” mərasimində müəllim və tələbələr, valideynlərlə yanaşı, şəhərin idarə və təşkilat rəhbərləri iştirak edib. Bədii-əyləncəli mərasimdə əvvəlcə bu il kollecdə təhsilini başa vuran və ölkəmizin bütün şəhər və rayonlarından olan 664 məzun haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, onlardan 493 məzun əyani, 171 nəfər isə qiyabi şöbədə təhsil alıb.

Kollecin direktoru, professor Əyyub Əyyubov çıxış edərək turizmin təşkili, turist, mehmanxana təsərrüfatının təşkili və idarəedilməsi, turizm və sanatoriya–kurort komplekslərində tibbi xidmətin təşkili, bələdçilik, reklam işi, muzeylərin və abidələrin mühafizəsi və digər ixtisaslar üzrə tədrisi başa vuran məzunlara ən xoş arzularını çatdırıb, onlara uğurlar diləyib.

O, ixtisaslı kadrlara ölkəmizin turizm və mədəniyyət sektorunda böyük tələbat olduğunu bildirib: “Biz zəngin beynəlxalq əlaqələrimizdən və təcrübəmizdən yararlanaraq kollecin tədris-təlim prosesində ən mütərəqqi metodları tətbiq etmişik. Eyni zamanda, mütəxəssis hazırlığı prosesində dövrün tələblərini və işəgötürənlərin rəyini nəzərə alaraq işimizi qurmağa çalışmışıq. Ən əsası isə fəaliyyətimiz Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Turizmin İnkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq qurulub. Əminəm ki, bütün bunlar sizə yeni perspektivlər vəd edir. Siz də öz növbənizdə çalışacağınız kollektivlərdə bu prosesə əməli fəaliyyətinizlə töhfə verəcəksiniz”.

Ə.Əyyubov ölkəmizdə turizm sahəsi üçün ixtisaslı kadrlar hazırlayan yeganə orta ixtisas təhsili müəssisəsi olan bu kollecin ötən 11 il ərzində gördüyü işlər, əldə etdiyi uğurlar barədə məlumat verib. Hazırda 12 ixtisas üzrə 1830 nəfər tələbənin təhsil aldığı Mingəçevir Turizm Kolleci tərəfindən davamlı olaraq Türkiyə, Böyük Britaniya, Qazaxıstan, Şotlandiya, Rusiya, Rumıniya, Fransa, Avstriya və Ukraynanın turizm üzrə ali və orta ixtisas məktəblərinin təcrübəsi öyrənilir, kollecin müəllimləri beynəlxalq təhsil proqramlarının iştirakçısı olaraq böyük təcrübə əldə edirlər. Ötən 11 il ərzində kollecin 6 mindən çox məzunu olub ki, onlar da hazırda turizm sahəsində uğurla çalışırlar.

Mərasimdə çıxış edənlər Mingəçevir Turizm Kollecinin ixtisaslı kadrlar yetişdirməklə ölkəmizdə turizmin inkişafına böyük töhfə verdiyini qeyd ediblər. Bildirilib ki, hazırda kollec dünyanın 10-dan çox ölkəsinin turizm üzrə ali və orta ixtisas təhsili müəssisələri ilə sıx əməkdaşlıq edir, beynəlxalq təhsil proqramlarından bəhrələnir.

Daha sonra təhsildə və ictimai fəaliyyətində seçilən müəllim və məzunlara fəxri diplomlar təqdim olunub.

Məzunların buraxılış gecəsi həzin nəğmələrin və şux rəqslərin müşayiəti ilə davam edərək iştirakçıların qəlbində unudulmaz təəssüratlar oyadıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.