REGİONLAR
Mingəçevir birinci Avropa Oyunlarına hazırlaşır
Mingəçevir, 23 sentyabr (AZƏRTAC). Gələn il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə təşkil olunacaq avarçəkmə yarışları ilə əlaqədar olaraq bu şəhərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının üzvləri, eləcə də müxtəlif idarə və təşkilatlarda çalışan gənclər ağacəkmə kampaniyasına başlayıblar. YAP fəallarının iştirakı ilə keçirilən ilk iməcilik zamanı Mingəçevir-Gəncə və Mingəçevir-Xaldan avtomobil yollarının kənarında, şəhərin ətrafındakı istifadəsiz qalmış boş torpaq sahələrində təmizlik işləri aparılıb, əraziyə ağac tingləri əkilib.
Gün ərzində şəhərdə 2 mindən çox ağac əkilib və onların suvarılması üçün lazımi işlər görülüb.
YAP Mingəçevir şəhər təşkilatının üzvləri hər həftə iməcilik təşkil edərək şəhərdə aparılan abadlıq işlərinə dəstək verəcəklərini bildiriblər.