REGİONLAR


Mingəçevir: çimərlik, kanatla gəzinti, Kür çayı sahilindəki müasir otellər turistləri cəlb edir

A+ A

Mingəçevir, 14 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir şəhərinin iqlimi və coğrafi mövqeyi ilin bütün fəsillərində turizm üçün çox əlverişlidir. Kür çayının sağ və sol sahilini əhatə edən Mingəçevirdə ilin günəşli günlərinin sayı 250-yə çatır ki, bu da şəhərdə qış və yay turizminin inkişafına təkan verən amillərdəndir.

AZƏRTAC xəbər verir ki, Mingəçevirdə yay mövsümündə fəaliyyətə başlayan çimərlik yerli sakinlərin və şəhərə gələn turistlərin sevimli istirahət yerlərindən biridir. Mingəçevir su anbarının sahilində yerləşən çimərlikdə hər gün 3 minə yaxın insan dincəlir. Burada insanların normal istirahəti və onların təhlükəsizliyinin təmin edilməsi üçün lazımi işlər görülüb.

Şəhərdə 5 müasir otel və istirahət mərkəzi fəaliyyət göstərir və eyni vaxtda yüzlərlə turisti qəbul etmək imkanı var. İstirahət mərkəzlərində və otellərdə ötən illə müqayisədə bu mövsüm qiymətlər daha münasib, xidmət isə yüksək səviyyədədir. Bəzi otellər hətta Kür çayında gəmi ilə və kanatla ekskursiya xərclərini də öz üzərinə götürür, tarix muzeyinə və şəhərin görməli yerlərinə səfərlər təşkil edirlər. Bu otellərdə səhər yeməyi də daxil olmaqla 50-110 manata kimi olan otaqlar var. Yay mövsümü üçün qonaqlara edilən güzəştlər də çoxdur. Qida məhsullarının və yeməklərin qiymətlərində 10-12 faiz endirim tətbiq edilir.

Məlumdur ki, turizm sahəsi bacarıqlı mütəxəssislərin hesabına inkişaf edə bilər. Elə bu səbəbdən də ölkəmizdə turizm sahəsi üzrə ixtisaslı kadrlar yetişdirən iki təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan biri də Mingəçevir Turizm Kollecidir. Kollec mütəxəssis hazırlığı sahəsində dünyanın tanınmış təhsil ocaqları ilə əməkdaşlıq edir. Kollecin direktoru, professor Əyyub Əyyubov AZƏRTAC-a bildirib ki, son illər ölkəmizin otel və istirahət mərkəzlərində turistlərə xidmət mədəniyyəti xeyli yüksəlib, turistlərin qəbul edilməsi və yola salınması istiqamətində böyük təcrübə qazanılıb. Bu istiqamətdə Mingəçevir Turizm Kollecinin məzunlarının da xidməti var.

Şəhərə turistləri cəlb edən məkanlardan biri də Mingəçevir Tarix Muzeyidir. Yeni binada fəaliyyət göstərən muzeydə Mingəçevirin yerləşdiyi ərazinin qədim tarixini özündə əks etdirən 15 minə yaxın eksponat saxlanılır. Kür çayının hər iki sahilindəki müasir parklar istirahət və əyləncə üçün çox əlverişlidir. Kürün sağ və sol sahillərini birləşdirən kanat yolu da turistlərin ixtiyarına verilib. Son bir ildə Mingəçevirdə aparılan böyük tikinti, quruculuq və abadlıq işləri də şəhərin minlərlə turist qəbul etməyə hazır olmasından xəbər verir. Heydər Əliyev parkında yeni inşa edilən “Mingo Park” istirahət və əyləncə mərkəzi, eləcə də Kür çayının kənarındakı “Sahil” parkı əsaslı şəkildə yenidənqurmadan sonra mingəçevirlilərin və şəhərə gələn turistlərin sevimli istirahət yerinə çevrilib.

Tez-tez başqa ölkələrdən, respublikanın digər şəhər və rayonlarından Mingəçevirə avarçəkənlər, müxtəlif sahələr üzrə idmançılar, turistlər gəlirlər. Yeri gəlmişkən, “Bakı-2015” Avropa Oyunları çərçivəsində avarçəkmə idman növü üzrə yarışların Mingəçevirdə keçirilməsi şəhərin böyük potensialından xəbər verir.

Mingəçevirə gələn yerli və xarici turistlər həm də şəhər ərazisindəki qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri ilə maraqlanırlar. Hazırda Mingəçevirdə 27 mədəniyyət müəssisəsi, o cümlədən 16 kitabxana, 3 muzey, rəsm qalereyası və 9 abidə var. Mingəçevir Dövlət Dram Teatrının binası, Kür çayının üzərində ötən əsrin ortalarında salınan körpü də memarlıq abidələrinə aiddir. Turistlər Mingəçevirdə bütün bunları görməklə bərabər, şəhər sakinlərinin qonaqpərvərliyinin də şahidi olurlar. Mingəçevirlilərin qonaqlara, turistlərə qarşı münasibəti onlarda həmişə məmnunluq yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.