REGİONLAR
Mingəçevir çimərliyində güc idman növləri festival keçirilib
Mingəçevir, 5 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərində “Sağlam nəsil, sağlam gələcək” adlı güc idman növləri festivalı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, powerliftinq üzrə dünya və Avropa çempionu, dünya rekordçusu Samir Məmmədovun təşəbbüsü, Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Mingəçevir su anbarının sahilindəki çimərlikdə keçirilən bu idman tədbirinin ilk günündə sumo (yapon güləşi) və armlestinq (qol güləşi) üzrə yarış keçirilib. Mingəçevir, Naxçıvan, Gəncə, Bərdə, Lənkəran, Ağcabədi, Yevlax və Zaqatala idmançıları mükafatlar uğrunda mübarizə aparıblar. Yarışı idman mütəxəssisləri ilə yanaşı, Mingəçevir şəhər rəhbərliyi də izləyib, gənc idmançılara dəstək olublar.
Festivalın ikinci günü powerliftinq (ağırlıqqaldırma) növü üzrə Mingəçevir şəhər açıq çempionatı keçirilib. Yarışda Azərbaycan Powerliftinq Federasiyasının vitse-prezidenti, dəfələrlə dünya və Avropa çempionu olmuş dünya rekordçusu Rüfət Ağayev, eləcə də powerliftinq üzrə Avropa və dünya çempionatlarının mükafatçıları Vüsal Mərdanov, Namiq Mehdiyev, Zərifə Hüseynova, Rövşən Xəlilov, respublika çempionları, beynəlxalq yarışların qalibləri Elxan Muxtarlı, Bəxtiyar Abdullayev və Murad Abdullayev iştirak edərək, idmansevərlər qarşısında müxtəlif çəkilərdə ağırlıq qaldıraraq tədbirə xüsusi rəng qatıblar.
Musiqili-əyləncəli tədbirin sonunda yarışın qaliblərinə hədiyyələr təqdim olunub.