REGİONLAR
Mingəçevir məktəbliləri Azərbaycanın şimal bölgəsinə ekskursiyaya yola düşüblər
Mingəçevir, 17 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya çıxan Mingəçevir məktəbliləri noyabrın 17-də, səhər saatlarında yola düşüblər.
AZƏRTAC xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Firəngiz Həsənova bildirib ki, Quba–Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyada məktəblilər 4 gün müddətində iştirak edəcəklər. Ümumilikdə bu tur-aksiyada Mingəçeviri 40 şagird və 5 müşayiətçi təmsil edir. Firəngiz Həsənova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan tur-aksiyaların əhəmiyyətindən də danışıb və şimal bölgəsinə səyahət edən məktəblilərə xoş istirahətlər arzulayıb.
Şagirdlər yola düşməzdən əvvəl öz təəssüratlarını bölüşüblər.
Mingəçevir şəhər Texniki Liseyin IX sinif şagirdi Aynur İsmayılova ölkəmizin başçısına yeniyetmə və gənclərə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirərək deyib: “Bu gün mən bu layihədə iştirak etdiyimə görə şagird yoldaşlarım kimi sevincliyəm, şadam. Qubadakı Soyqırımı Memorial Kompleksinə, Qusardakı “Şahdağ” Qış-Yay Turizm Kompleksinə səfər edəcəyik, həmçinin bölgənin tarixi yerlərini gəzəcəyik. Bu, mənim və yoldaşlarımın arzusudur. Əlbəttə ki, bu aksiya biz məktəblilərin hərtərəfli maariflənməsinə, dünya görüşümüzün zənginləşməsinə, Azərbaycanda görmədiyimiz yerləri daha yaxından tanımağımıza çox böyük kömək olacaq”.
“Mən də hər bir valideyn kimi bu gün övladımı ölkəmizin görməli-gəzməli yerlərinə yola salıram. Oğlum şəhər 12 nömrəli məktəbin IX sinif şagirdidir. Ölkəmizin rəhbərliyinə gənclərin qayğısına qaldığı üçün və onlara bu şəraiti yaratdığına görə dərin minnətdarlığımı bildirirəm”, - deyə valideyn Nəriman Hümbətov bildirib.
Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin heykəlini ziyarət edərək önünə gül dəstələri düzdükdən sonra yola düşüblər.