REGİONLAR
Mingəçevir məktəbliləri maarifləndirici tur-aksiya çərçivəsində İsmayıllıya yola düşüblər VİDEO
Mingəçevir, 16 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir. 2016-cı il martın 16-19-da və 24-27-də “Ölkəmizi tanıyaq” adı altında keçiriləcək maarifləndirici tur-aksiya çərçivəsində 54 şəhər və rayondan 1980 nəfər IX-XI sinif şagirdinin Azərbaycanın bölgələrinə səfəri nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, maarifləndirici tur-aksiyanın Mingəçevir şəhərindən olan iştirakçıları martın 16-da İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyaya yola düşüblər.
Tur-aksiyanın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Mingəçevirin mərkəzində təşkil olunan yolasalma mərasimində şəhər icra hakimiyyəti başçısının müavini Hikmət Kərimov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, tədrisdə əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsində mühüm rol oynayır.
Mərasimdə çıxış edən təhsil işçiləri və valideynlər gəncliyin inkişafına göstərilən dövlət qayğısından minnətdarlıqla söz açıblar. Qeyd edilib ki, məktəblilər 4 gün ərzində İsmayıllı, Qəbələ və Şəkinin tarixi abidələri, adət-ənənələri, sosial-iqtisadi inkişafı, coğrafiyası və turizm məkanları ilə tanış olacaqlar. Müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublikamızda təşkil olunan maarifləndirici tur-aksiyanın əhəmiyyətindən danışaraq məktəblilərə uğurlu yol, mənalı istirahət arzulayıblar.
Ekskursiya qrupunun rəhbəri Firəngiz Həsənova deyib: “Əminəm ki, maarifləndirici tur-aksiya iştirakçılarının qədim tarixə malik Qəbələ, İsmayıllı və Şəkiyə səfərləri son dərəcə maraqlı və yaddaqalan olacaq. Qrupun üzvlərində yaranan xoş təəssüratlar uzun zaman unudulmayacaq. Biz gəzinti zamanı istirahət etməklə yanaşı, həm də rayonlarımızın gündən-günə inkişaf etməsinin, gözəlləşməsinin şahidi olacağıq. Həmçinin aksiyada iştirak edən şagirdlərə vətənpərvərlik hisləri aşılanır, onlar arasında Azərbaycanın bölgələri barədə daha ətraflı maariflənmə işləri görülür, dünya görüşün artırılması istiqamətində söhbətlər aparılır”.
Mingəçevir Riyaziyyat-Təbiət və Humanitar Elmlər Təmayüllü Liseyin 11-ci sinif şagirdi Ülvi Aşurov tur-aksiyanın təşkilindən razılığını ifadə edərək, göstərilən diqqət və qayğıya görə şagirdlər adından dövlətimizin başçısına minnətdarlığını bildirib. Ülvi Aşurov deyib: “Bu maarifləndirici tur-aksiya zamanı hər bir şagird ölkəmizin görməli yerlərini tanımaq, tarixi, adət-ənənələri, maddi-mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcək. Biz turizm obyektlərini və tarixi abidələri, ölkəmizin bölgələrində gedən sürətli sosial-iqtisadi inkişafı öz gözlərimizlə görəcəyik. Eyni zamanda, bu səyahət bizdə yüksək əhval-ruhiyə yaradacaq. Bu da təhsildə yaxşı nailiyyət əldə etməyimizə bir stimul olacaq”.
Çıxışlardan sonra 40 nəfər mingəçevirli şagird avtobusla İsmayıllı rayonuna yola salınıb.
Qeyd edək ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Ölkə gəncləri Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Lənkəran, Astara, Masallı, Lerik, İsmayıllı, Qəbələ, Şəki, Quba, Qusar və Xaçmazda tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, gənclər mərkəzlərinə, Bayraq meydanlarına, rəsm qalereyalarına, həmçinin tarix-diyarşünaslıq muzeylərinə və digər obyektlərə baxış keçirəcəklər. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaq.