REGİONLAR
Mingəçevirdə Aşura günü 220 nəfər könüllü qan verib
Mingəçevir, 12 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Aşura günü Mingəçevir şəhərindəki Heydər məscidində qanvermə aksiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, qana ehtiyacı olan xəstələrə kömək məqsədilə təşkil edilən nəcib aksiyaya könüllü olaraq şəhər əhalisi, o cümlədən icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər, dindarlar qatılıblar.
Aksiyada B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Mingəçevir regional filialının əməkdaşları əvvəlcə vətəndaşları müayinə ediblər.
Könüllü qan vermək üçün gün ərzində müraciət edən 220 nəfərin hər birindən 200 qram qan götürülüb. Tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə ediləcək. Yerli sakinlər bu cür xeyirxah tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.