Mingəçevirdə “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” mövzusunda konfrans keçirilib
Mingəçevir, 10 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
“Hazırda Azərbaycan dili ən möhtəşəm dövrünü yaşayır. Çünki, artıq böyük bir xalqın və müstəqil dövlətin rəsmi dövlət dili statusunu daşıyır. Bu zirvəyə çatmaq asan olmayıb. Xalqımız, ədiblərimiz, görkəmli dövlət xadimlərimiz dilimizin bu məqamlara yetişməsi naminə əsl mübarizə yolu keçiblər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 2017-ci il 13 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin müzakirəsi üçün Mingəçevir Turizm Kollecində “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” mövzusunda keçirilən konfransda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan dilinin gözəlliklərinə həsr olunmuş sərgiyə baxıblar.
Konfransda Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dilinin saflığının qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdən, imzalanan Sərəncamlardan ətraflı söhbət açıb. Tarixi minilliklərə söykənən Azərbaycan dili haqqında danışan Ə.Əyyubov dilimizin şərəfli tarixi mərhələlərdən keçdiyini deyib. Folklor, əfsanə və rəvayətlərimizin formalaşmasında dilimizin müstəsna rolu olduğunu qeyd edib.
Sonra Azərbaycan dilinin tarixi inkişaf mərhələlərinə həsr olunmuş videoçarx nümayiş olunub.
Ardınca digər məzmunlu məruzələr dinlənilib.
Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib.