REGİONLAR
Mingəçevirdə Beynəlxalq Tolerantlıq Günü qeyd edilib
Mingəçevir, 10 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə bağlı toplantı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil işçiləri, tələbələr, dindarlar, ağsaqqal və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib. Günün təsis edilməsində məqsəd bu beynəlxalq qurumun nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırmaqdır. Hamıya yaxşı məlumdur ki, Azərbaycan indi dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Prezident İlham Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma məkanına çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan ayında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkəmizdə tolerant düşüncənin artıq tam bərqərar olduğunun göstərir.
Daha sonra Mingəçevir Dövlət Universitetinin dosenti Esmira Cəfərova tolerantlıq və onun dəyərləri haqqında danışıb.
Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.