REGİONLAR
Mingəçevirdə “Gələcək vətənpərvər və sağlam gənclərindir!” adlı tədbirlər təşkil olunub
Mingəçevir, 28 may, Şahnəzər Bəşirov, AZƏRTAC
“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Mingəçevir şəhər İcra Hakimiyyətinin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının köməkliyi ilə Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbdə və Texniki Humanitar Liseydə “Gələcək vətənpərvər və sağlam gənclərindir!” adlı tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Qalib Yaqubov, “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, təhsil şöbəsinin, mərkəzi şəhər xəstəxanasının nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər narkomaniya, QİÇS və digər təhlükəli xəstəliklər barədə geniş məlumat verib, gələcəyimiz olan gənclərin vətənpərvər ruhda böyümələri, Vətənə layiqli övlad olmaları üçün sağlam olmaları barədə söhbətlər aparılıb. Sonra şagirdlərə xüsusi geyim formaları, bukletlər paylanılıb, müzakirələr davam etdirilıb.