REGİONLAR
Mingəçevirdə “Gənclərin İKT İnkişafı Mərkəzi”nin təqdimatı olub
Mingəçevir, 14 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gənclərin İKT İnkişafı Mərkəzi" layihəsi çərçivəsində növbəti təqdimat Mingəçevir şəhərində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli müasir dövrdə İKT-nin imkanlarından səmərəli istifadənin vacibliyini vurğulayıb. Mingəçevir gənclərinin İKT sahəsində maarifləndirilməsi istiqamətində görülən işlərdən danışan K.Nəcəfli diqqəti internetin daha faydalı, dövlətimiz üçün önəmli tərəfinin öyrənilməsinə yönəldib.
Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet media eksperti Səbuhi Abbasov bildirib ki, layihənin əsas məqsədi İKT-nin sürətli inkişafı prosesinə gənc nəslin adaptasiyasını təmin etməkdən, web resursların yaradılması və idarə olunması prosesinə gənclərin marağının artırılmasından, eyni zamanda, sosial şəbəkələrdən səmərəli istifadənin təmin olunmasından ibarətdir. Məlumat verilib ki, layihə çərçivəsində www.ictcenter.az saytı yaradılıb. Son 5 ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər gənclərin İKT biliklərinin inkişafını, virtual savaşda daha sistematik mübarizəsini stimullaşdırıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Əsgərov çıxışında bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən yüksək səviyyədə faydalanaraq iqtisadi sahədə böyük uğurlara imza atdıqlarını deyib: "Bu gün İKT respublikanın davamlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi baxımından əhəmiyyətli rol oynayır. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin mühüm tərkib hissəsinə çevrilib”.
Gənclərin sosial şəbəkələrdə aktivliyinin əhəmiyyətindən danışan “İşıqlı Gələcək” GİB-in sədri Tural Kərimov gənc nəslə vətənpərvərlik hissləri aşılanmasında İKT-nin hədsiz imkanlarını diqqətə çatdırıb.
Sonda İKT sahəsində fərqlənən Mingəçevir gənclərinə diplomlar təqdim olunub.